Bakı. Trend:
Bu ilin birinci yarısında Azərbaycanın 52 dövlət qurumunun domeninə analoq olan saxta domenlər aşkarlanıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət qurumlarının İT rəhbərlərinin 2-ci sammitində deyib.
"Bu domenlər xüsusi kiberkəşfiyyat vasitələri ilə qeydiyyat zamanı artıq aşkarlanıb. Müvafiq dövlət orqanları ilə bütün ölkədə onları bloklamışıq", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, onların bloklanması həm də minlərlə kiberhücumların hazırlıq mərhələsində bloklanması deməkdir.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası təsdiqlənib.
Strategiyaya əsasən, milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyən ediləcək, informasiya təhlükəsizliyi üzrə texnologiyaların hazırlanması ilə əlaqədar olaraq vergi və digər məcburi ödənişlər üzrə imtiyazlar müəyyən ediləcək, fərdi məlumatların mühafizəsi yaxşılaşdırılacaq, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə konsultasiya platformaları yaradılacaq, kriptoqrafik mühafizə sahəsində mili resursların hazırlanması üzrə tədbirlər görüləcək, pilotsuz uçuş aparatlarının yaradılması, tətbiqi və utilizasiyası ilə bağlı təhlükəsizliyə dair tələblər müəyyən ediləcək.
Bununla yanaşı, təşkilati əsasların yaradılması, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması və fövqəladə hallarda, müharibə şəraitində idarə olunması üçün risk qiymətləndirməsi və idarəetməsi üçün plan hazırlanacaq, elektron "Kibercinayətlər" informasiya sistemi yaradılıb. Həmçinin, insidentlərin və kritik halların aşkarlanma meyarları və göstəriciləri müəyyən ediləcək, informasiya təhlükəsizliyi üçün risklərin reyestri tutulacaq.
(Tərcümə: Rəna Əbdürəhmanova)