Bakı. Trend:
Son vaxtlarda kritik informasiya infrastrukturu və praktiki tədbirlərin icrası üzrə hüquqi-normativ bazanın formalaşması sahəsində addımlar atılıb.
Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları (QHT) ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında deyib.
Onun sözlərinə görə, ölkədə informasiya sistemləri artıq kritik əhəmiyyət kəsb edən sistemlərin səviyyəsinə çatıb.
"Azərbaycanda ASAN və DOST mərkəzləri yaradılıb və onların modelləri bir sıra ölkələrə təqdim olunub. Bizim üçün bu sahədə bu cür texnologiyaları tətbiq etmək, milli standartlarımızı hazırlayaraq, həyata keçirmək vacibdir. İnformasiya təhlükəsizliyi üzrə koordinasiya komissiyası çərçivəsində strateji məsələlər nəzərdən keçirilir və qərarlar qəbul olunur", - deyə o vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası təsdiqlənib.
Strategiyaya əsasən, milli rəqəmsal efir məkanı üçün minimal kibertəhlükəsizlik tələbləri müəyyən ediləcək, informasiya təhlükəsizliyi üzrə texnologiyaların hazırlanması ilə əlaqədar olaraq vergi və digər məcburi ödənişlər üzrə imtiyazlar müəyyən ediləcək, fərdi məlumatların mühafizəsi yaxşılaşdırılacaq, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə konsultasiya platformaları yaradılacaq, kriptoqrafik mühafizə sahəsində mili resursların hazırlanması üzrə tədbirlər görüləcək, pilotsuz uçuş aparatlarının yaradılması, tətbiqi və utilizasiyası ilə bağlı təhlükəsizliyə dair tələblər müəyyən ediləcək.
Bununla yanaşı, təşkilati əsasların yaradılması, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması və fövqəladə hallarda, müharibə şəraitində idarə olunması üçün risk qiymətləndirməsi və idarəetməsi üçün plan hazırlanacaq, elektron "Kibercinayətlər" informasiya sistemi yaradılıb. Həmçinin, insidentlərin və kritik halların aşkarlanma meyarları və göstəriciləri müəyyən ediləcək, informasiya təhlükəsizliyi üçün risklərin reyestri tutulacaq.
(Tərcümə: Rəna Əbdürəhmanova)