...

Azərbaycan regionda Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edən ilk ölkədir

Telekommunikasiya Materials 30 Sentyabr 2023 12:19 (UTC +04:00)
Azərbaycan regionda Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edən ilk ölkədir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan regionda Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edən ilk ölkədir.

Trend şənbə günü xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

"Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində dünyanın 95 ölkəsinin alim və tədqiqatçıları tərəfindən 3532 elmi məqalə təqdim olunub. Azərbaycan həm də rekord sayda olmaqla, 214 elmi məqalə təqdim edib. Dövlətimiz ABŞ, İtaliya, Hindistan və Çindən sonra ən çox məqalə təqdim etməklə ən çox məqalə təqdim edən ölkələr beşliyinə daxil olub", - deyə o, vurğulayıb.

Nazir müavininin sözlərinə görə, Beynəlxalq Astronavtika Konqresinin məqsədi kosmik sahədə beynəlxalq əməkdaşlıq qurmaq, təcrübə və bilik mübadiləsi, müxtəlif yeniliklərin nümayişi və gənclərin bu sahəyə marağının artması üçün platforma yaradılmasıdır.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi (BAK) 1950-ci ildən bu yana hər il Beynəlxalq Astronavtika Akademiyasının və Beynəlxalq Kosmik Hüquq İnstitutunun dəstəyi ilə Beynəlxalq Astronavtika Federasiyası (BAF) tərəfindən təşkil olunur.

Azərbaycanda BAK tədbirinin tarixi 1973-cü ilə gedib çıxır. Belə ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il 7-13 oktyabr tarixlərində "Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz" devizi altında 24-cü BAK Azərbaycanda keçirilmiş, bununla da Bakı regionumuzda bu tədbirin təşkil olunduğu ilk şəhər olmuşdur. 25-29 oktyabr 2019-cu il tarixlərində isə BAF-ın Vaşinqtonda keçirilən Baş Assambleyasında Bakı ikinci dəfə beynəlxalq kosmik sənayenin ən nüfuzlu tədbirinə ev sahibliyi etmək hüququ qazanmışdır. Beləliklə, 2-6 oktyabr 2023-cü il tarixlərində paytaxt şəhərimizdə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun ev sahibi qismində çıxış etdiyi 74-cü BAK "Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək" mövzusu altında keçiriləcək.

Xatırladaq ki, "Azərkosmos" ASC-nin Azerspace-1 və Azerspace-2 adlı iki kommunikasiya peyki, həmçinin, aşağıorbitli Azersky peyki var. 2022-ci ilin yekunlarına əsasən, səhmdar cəmiyyətin peyk və telekommunikasiya xidmətlərinin satışından gəliri 26,6 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti