Sentyabrın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycanın rəqəmli tezlik xəritəsinin təqdimatı olacaq. Nazirlikdən Trend ə verilən məlumata görə, xəritənin yaradılması üzrə işlər BMT-nin İnkişaf proqramının (UN DP) maliyyə yardımı hesabına həyata keçirilib.
Azərbaycanın rəqəmli tezlik xəritəsində elektromaqnit və radio tezlik nöqtələri verilib ki, onların da köməyi ilə hər hansı bir regionda radio tezliklərin yerləşmə dərəcəsi üzrə həmin regionun fəallıq səviyyəsini müəyyən etmək mümkündür.
Dövlət strukturunda onu da bildiriblər ki, tədbirdə bir sıra rəsmi şəxslərin, o cümlədən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rino Harnişin, dövlət idarələri və Azərbaycanda fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.
İşlər "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir.