...

DB Azərbaycanda uzaq məsafədən təhsilin inkişafında perspektivlər görür

Telekommunikasiya Materials 8 Dekabr 2006 14:13 (UTC +04:00)

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Dünya Bankının nümayəndələri ilə görüşüb. Trend nazirliyə istinadən xəbər verir ki, görüşdə DB-nin Azərbaycan üzrə nümayəndəsi Qreqori Eceyçak və bankın elektron və uzaq məsafədən təhsil üzrə mütəxəssisləri iştirak edib.

Rabitə Nazirliyindən bildiriblər ki, mütəxəssislərin səfərinin əsas məqsədi müvafiq dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin xaricdə təhsil almasına yardımın göstərilməsi üzrə məsləhətləşmə və danışıqların aparılmasıdır.

DB nümayəndələri Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətləri vurğulayıb və bildiriblər ki, ölkədə bu sahənin gələcək inkişafı üçün effektiv zəmin var.

Görüşdə iştirak etmiş tanınmış alim, Sirakus universitetinin uzaq məsafədən təhsil üzrə treninqlər sistemi institutunun direktoru, DB mütəxəssisi Aleksandr Romizovski və bankın Avropa və Orta Asiyada təhsil sistemləri üzrə aparıcı mütəxəssisi Rozita Van Mil bildiriblər ki, Azərbaycanda İKT sahəsinin inkişafına böyük əhəmiyyət verirlər və bu sahə gələcəkdə təhsil sahəsində başlıca rol oynayacaq.

Bankın mütəxəssisləri hesab edirlər ki, qısa müddət ərzində keçirilmiş islahatlar nəticəsində rabitə və informasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətləri orta və ali təhsil müəssisələrində tətbiq etmək, alternativ təhsil sistemlərini, o cümlədən uzaq məsafədən təhsil sistemini reallaşdırmaq mümkün olacaq. Onlar işlərin uğurla nəticələnəcəyinə şübhə etmirlər.

Rabitə naziri Əli Abbasov həmçinin vurğulayıb ki, gələcəkdə mövcud təcrübədən istifadə etmək məqsədilə bu istiqamətdə DB ilə danışıqların davam etdirilməsini məqsədəuyğun hesab edir.

Xəbər lenti

Xəbər lenti