Hazırda Azərbaycanın mobil rabitə operatoru Azərcell Telecom BM-in 15 dekabr 2006-cı il tarixdə istifadəyə verdiyi Simurq xidmətinin abunəçilərinin sayı 55 min nəfərdən çoxdur. Bu barədə Trend ə cümə günü şirkətin mətbuat katibi Rüfət Abbasov məlumat verib.
Onun sözlərinə görə, şirkət yerli mobil rabitə bazarında daim qabaqcıl texnologiyaların axtarışı və tətbiqi ilə fərqlənir.
"Azərcell Azərbaycanda GSM standartlı ən yeni telekommunikasiya mobil xidmətlərinin pioneridir. Buna sübut kimi bu yaxınlarda istifadəyə verilmiş Simurq xidmətini göstərmək olar. Rusiyadan sonra MDB məkanında bu xidmət Azərbaycanda tətbiq olunub", - deyə o qeyd edib.
Müasir texnologiyalar əsasında hazırlanmış və Azərbaycanda analoqu olmayan Simurq (interaktiv informasiya və əyləncə xidməti) xidməti istifadəçiləri informasiya axını ilə yükləməmək üçün hər bir abunəçiyə ayrıca fərdi yanaşmaya yönəlib.
"Simurq- abunəçilər üçün fərdi informasiya vasitəsidir və bütün Azərcell abunəçilərinə interaktiv şəkildə xəbər seçmək, onu maraqlandıran bütün mövzular üzrə daha ətraflı məlumat sifariş vermək imkanını verir. Bu xidmətə qoşulmaq istəyənlər Azərcell-in müştəri xidmətləri şöbəsinə müraciət etməli və Simurq xidmətini dəstəkləyən Sim-kart almalıdırlar. 3 ay ərzində Sim-kartın 50% güzəştlə dəyişdirilməsinin qiyməti 3 AZN-dir", - deyə R.Abbasov vurğulayıb.
Simurqa qoşulmaq pulsuzdur. Azərcell-in yeni abunəçiləri üçün isə satışda bu xidməti dəstəkləyən Sim-kartlar var. Bu Sim- kartı aldıqdan sonra abunəçi öz mobil telefonunun menyusunda xidməti aktivləşdirməlidir. Sonra o, xidmətin sistemdə aktivləşməsi üçün telefonunu söndürüb yandırmalıdır. Simurq mobil rabitə əsasında işləyəcək. Yeni Sim-kartlar mobil rabitə menyusu ilə təchiz olunublar. Bu menyu əsas və köməkçi başlıqlardan ibarətdir. Abunəçinin istəyindən asılı olaraq, mobil yayım səssiz və ya səsli ola bilər. Abunəçinin telefondan başqa məqsədlər üçün istifadə etdiyi halda mobil yayım ekrandan itəcək. Eyni vaxtda abunəçi mobil yayımın bir kanalından məlumatı ekrandan oxuya bilər. Əvvəlcə mobil yayım xidməti Azərbaycan və rus dillərində təqdim olunacaq. Abunəçinin telefonuna operativ olaraq ən son xəbərlər, o cümlədən idman, biznes, əyləncə, oyun və yarışlar, musiqi, qoroskop, melodiyalar və s. daxil olacaq.