Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Regional Rabitə Birliyinin (RRB) iclaslarında iştirak edir. Nazirlikdən verilən məlumata görə, nümayəndə heyətinə nazirliyin poçt sektorunun rəhbəri Novruz Məmmədov rəhbərlik edir. Məmmədov eyni zamanda RRB-nin poçt rabitə komissiyası sədrinin müavinidir.
Aprelin 20-də başa çatacaq səfər çərçivəsində Kiyevdə RRB-nin poçt administrasiyaları üçün "Poçt rabitəsinin keyfiyyəti və effektivliyi" mövzusunda seminar keçiriləcək. Gündəliyə 13 avqust-3 sentyabr 2008-ci il tarixində Nayrobidə (Keniya) keçiriləcək XXIV Ümumdünya Poçt Konqresinə hazırlıq və poçt sektoruna investisiyaların təşviqi kimi məsələlər daxildir.
Xatırladaq ki, RRB poçt administrasiyalarının əvvəlki toplantısı ötən ilin sentyabrında Bakıda keçirilib. RRB-nin poçt rabitəsi komissiyası RRB-nin işçi orqanı sayılır. Onun vəzifələrinə aşağıdakı məsələlər daxildir:
- RRB iştirakçılarının vahid poçt məkanı çərçivəsində poçt rabitəsinin inkişafı məsələlərinin həllində fəaliyyətinin koordinasiyası.
- Dövlətlərarası proqramların işlənilməsində, elmi-texniki siyasət konsepsiyalarının formalaşdırılması və öncül texnologiyaların tətbiqində RRB rabitə administrasiyalarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi.
- Dövlətlərarası poçt əlaqələrinin fəaliyyətinin və RRB rabitə administrasiyaları poçt daşımalarının sabitliyinin təminatında birgə tədbirlərin hazırlanması.
- RRB iştirakçılarının mövcud xidmətlərin keyfiyyətinin artırılması və təkmilləşdirilməsi, habelə dövlətlərarası poçt mübadiləsində yeni xidmətlərin tətbiqi ilə bağlı məsələlərin həllində əməkdaşlığının təşkili.