Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ "Azərpoçt" dövlət müəssisəsi icra aparatının struktur dəyişikliklərinə hazırlaşır. Məqsəd əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı bank xidmətlərini göstərməkdir.
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun şənbə günü verdiyi məlumata görə, müvafiq prosesin iyunadək başlanılması nəzərdə tutulur.
Bu işlər 17,5 mln. dollar dəyərində olan "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində həyata keçirilir. Layihə Azərbaycanın poçt şəbəkəsinin təkmilləşdirilməsini nəzərdə tutur. Kreditin 12,25 mln. dollarını Dünya Bankı, yerdə qalan hissəsini isə Rabitə Nazirliyi və Azərbaycanın Milli Bankı qismində Azərbaycan hökuməti ödəyəcək.
Struktur dəyişiklikləri əməkdaşların ixtisara salınmasını nəzərdə tutmur. Bu proses çərçivəsində yalnız vəzifələrin dəyişdirilməsi, yeni bölmələrin yaradılması və mövcud bölmələrin birləşdirilməsi planlaşdırılır. Artıq müəssisənin yeni strategiyası da hazırlanıb.
Hazırda "Azərpoçt" müəssisələrində 4,2 mindən çox əməkdaş çalışır. Müəssisənin aparatında 93 əməkdaşın işlədiyi 12 bölmə fəaliyyət göstərir. Aparat istiqamətləndirici və nəzarət funksiyasını həyata keçirən orqandır. Bu orqan ölkədə fəaliyyət göstərən bütün poçt müəssisələrinin işinə nəzarət edir.
Məmmədov həmçinin bildirib ki, hələlik hansı şöbələrin və bölmələrin yaradılacağı müəyyənləşdirilməyib.
Struktur dəyişiklikləri ilə yanaşı personalın peşəkarlığının artırılması və yeni xidmətlərlə tanışlıq məqsədilə treninqlər keçiriləcək. Aparatın şöbə müdirlərinin və əməkdaşlarının iştirak edəcəyi bu treninqlər 2007-ci ilin ikinci yarısına planlaşdırılır. Güman olunur ki, bu treninqlər Azərbaycanın Bank Təhsili Mərkəzi tərəfindən aparılacaq.