...

Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı razılıq əldə etmək mümkün olmayıb

Telekommunikasiya Materials 11 İyun 2007 11:48 (UTC +04:00)
Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı razılıq əldə etmək mümkün olmayıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı ilə bağlı Moskvada İşçi qruplar səviyyəsində keçirilən görüşdə konkret razılıq əldə olunmayıb. Bu barədə bazar ertəsi Trend ə Azərbaycan İşçi Qrupunun üzvü, Milli Televiziya və Radio Şurasının (MTRŞ) nümayəndəsi Qafar Cəbiyev məlumat verib.

Onun sözlərinə görə, iyunun 8-də Rusiyanın Mədəniyyət və Kütləvi Kommunikasiyalar Nazirliyində keçirilən görüşdə ilk öncə Azərbaycan və Rusiyanın İşçi qruplarının təkliflər zərflərinin detallar üzrə müzakirəsinə başlanılıb.

Rusiya tərəfi təkliflər zərfinə Azərbaycan telekanalının Rusiyada prioritet əsasda yayımlanmasını salmayıb. Sonradan Azərbaycan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfovun təkidindən sonra bu məsələ gündəliyə salınıb. MTRŞ üzvünün sözlərinə görə, müzakirələr zamanı Azərbaycan və Rusiyanın telekanal yayımçılarının adları açıqlanmayıb. Hər iki tərəf razılığa gəlib ki, ilkin razılaşmada telekanallrın qarşılıqlı yayım məsələsi həllini tapmalıdır. Qarşı tərəf Rusiya telekanallarının yayımının dayandırılmasına dair MTRŞ-nın qərarının dəyişdirilməsi istəyində olduğunu bildirsə də, Azərbaycan nümayəndə heyəti bu məsələnin qərar qüvvəyə minənədək, yəni iyulun 10-na kimi həllinin tapılmasının vacibliyini vurğulayıb. Ruisya tərəfi müzakirələr zamanı, həmçinin gələcəkdə Azərbaycan dilində olan verilişlərin Rusiya telekanallarında hazırlanacağını bildirib.

Müzakirələrin sonunda razılıq əldə olunub ki, 10 gün müddətində hər iki tərəf vahid saziş variantını hazırlasın və növbəti görüş keçirilsin. Görüşün vaxtı və məkanı diplomatik yazışmalardan sonra müəyyənləşdiriləcək.

MTRŞ yanvarın əvvəlində xarici telekanalların Azərbaycanda yayımının iyulun 10-da dayandırılmasına dair qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti