...

Belarusda Azərbaycanın turizm potensialı təşviq olunub (FOTO)

Turizm Materials 1 Fevral 2018 18:45 (UTC +04:00)
Belarus Həmkarlar Federasiyasının təşkilatçılığı ilə Minsk şəhərində «Профтур-2018» turizm sərgisi keçirilib.
Belarusda Azərbaycanın turizm potensialı təşviq olunub (FOTO)

Bakı. Trend:

Belarus Həmkarlar Federasiyasının təşkilatçılığı ilə Minsk şəhərində «Профтур-2018» turizm sərgisi keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, sərginin əsas məqsədi Belarusda 4 milyondan çox müştəri bazası olan ən böyük turizm şirkəti “Belarusturist”in və onun xarici ölkələrdən olan tərəfdaşları ilə birlikdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, turizm potensialının reklam edilməsi, müalicəvi xarakterli turizmin (sanatoriya və istirahət mərkəzləri) təşviqi olub.

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyətinin ötən il oktyabrın 10-13-də Belarusa rəsmi səfəri çərçivəsində keçirilmiş görüşlərdə belaruslu turistlərin öz istirahətlərini ölkəmizdə keçirmələri üçün cəlb edici vasitələrin, xüsusi (güzəştli) tur-paketlərin hazırlanmasının vacibliyi vurğulanıb.

Həmin danışıqların həyata keçirilməsi istiqamətində görülmüş işlərin nəticəsi kimi bu ilki sərgidə səfirliyin təşəbbüsü və dəstəyi ilə ilk dəfə ölkəmizin “My way travel” və “Hertz” şirkətlərinin nümayəndələrinin «Профтур-2018» turizm sərgisində iştirakı təmin edilib. Sərgidə ölkəmizin stendi qurulub və ölkəmizin turizm imkanları iştirakçıların diqqətinə çatdırılıb. Burada ölkəmizdə mövcud olan qış turizm mərkəzlərinin – Qəbələ, Qusar və Naftalan müalicəvi sanatoriyasının xidmətləri, Bakı və ətraf regionlara səfər turları və digər tur paketlər təqdim olunub. Səfirliyin dəstəyi ilə qurulmuş stendimizin önündə Minskdə təhsil alan tələbələrimiz milli geyimlərdə qonaqları qarşılayıb və onlara milli şirniyyatlarımız şəkərbura və paxlavanın paylanılması təşkil edilib. Bütövlükdə Azərbaycan stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sərgidə səfirliyin birinci katibi Namiq Niftullayev və ikinci katib Rüfət İlyasov iştirak edib.

Sərgidə turizm şirkətimiz tərəfindən Belarus tərəfinə xüsusi paketlər təqdim olunub. Ən ucuz tur paketin dəyəri 199 ABŞ dollarından başlayır və aviabilet xaric 5 gün 4 gecə Bakıda qalmaq, bələdçi və transferlər daxil olmaqla səyahət etmək imkanı verir. “Belarusturist” şirkətinin baş direktoru Lyudmila Senkovsya bildirib ki, təqdim olunmuş tur paketlərə əsasən yaxın günlərdə 60 nəfərdən ibarət belaruslu turistlərin Azərbaycana səfəri planlaşdırılır.

Tədbirdə Gürcüstan, Litva, Rusiya və Ukrayna iştirak edərək milli stendlərini qurublar. Səfirliyin apardığı önləyici tədbirlər nəticəsində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin reklamı və bu bölgələrə qanunsuz olaraq turistlərin cəlb edilməsi hallarına yol verilməyib.

Azərbaycan turizm şirkətinin nümayəndələri Rəşad Vəliyev və Aydın Əliyev səfirlikdə olub, səfir Lətif Qəndilovla görüşüb və səfirlik tərəfindən göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti