...

Soyqırım və "soyqırım"

Nəzər nöqtəsi Materials 27 Dekabr 2011 14:55 (UTC +04:00)
Dekabrın 22-də Fransa-Ermənistan qardaşlığının sınaq günü idi və rəsmi Paris həm öz tarixinə, həm də Türkiyə tarixinə göz yummaqla bu sınaqdan uğurla keçdi.
Soyqırım və "soyqırım"

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Dekabrın 22-də Fransa-Ermənistan qardaşlığının sınaq günü idi və rəsmi Paris həm öz tarixinə, həm də Türkiyə tarixinə göz yummaqla bu sınaqdan uğurla keçdi.

Dünyada söz və ifadə azadlığının rəmzi hesab edilən Fransada parlamentin aşağı palatası 45 deputatın iştirakı ilə keçirilən səsvermədən sonra qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi.

Birmənalı olaraq, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edən qanun layihəsinin qəbul edilməsi əslində rəsmi fransız siyasi elitasının bu məsələdə tarixi faktlara əsaslanmadığını və erməni lobbisinin əlində oyuncaq olduğunu isbatladı.

Qanun layihəsinin qəbul edilməsindən sonra Türkiyə rəsmiləri Fransaya qarşı sanksiyalara başlamaqla yanaşı, Parisə, Ermənistan və erməni lobbisinə də ismarıclarını verdilər.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünyada azad düşüncənin beşiyi hesab edilən Fransada belə bir qərarın qəbul edilməsinin sərbəst düşüncə azadlığına ziddi olduğunu, Türkiyənin öz tarixindən çəkinmədiyini, Baş nazir Ərdoğan isə Sarkozinin türk və müsəlmanların əleyhinə olduğunu bildirdi.

"Sarkozi xristianlarla müsəlmanlar arasında münaqişəni qızışdırmaqla öz seçki kampaniyasını irəli aparmaq istəyir. Əgər Sarkozinin əlcəzairlilərin soyqırımından xəbəri yoxdursa, onda qoy bunu öz atasından soruşsun", - deyə Ərdoğan bildirdi.

Təbii ki, Fransa rəsmilərinin Ankaraya cavabı gecikmədi və Prezident Nikola Sarkozi verdiyi açıqlamada parlamentin qərarına bəraət qazandırdı. "Mən türk dostlarımızın baxışlarına hörmət edirəm. Türkiyəböyük ölkə, böyük sivilizasiyadır və onlar bizim baxışlarımıza hörmət etməlidirlər. Fransa "soyqırım"ı 10 il əvvəl qəbul edib, 1915-ci ildə yarım milyon erməni qətlə yetirilib. Fransanın öz prinsipləri var, hər bir dövlət öz keçmişi ilə qarşılaşmalıdır", - Sarkozi açıqlamasında bildirdi.

Fransa Prezidentinin qondarma "erməni soyqırımı" ilə bağlı müdafiə xarakterli bəyanatında ziddiyyətli məqamlarla yanaşı, əslində haqlı məqamlar da var.

Bəyanatda ziddiyyətli məqamlara gəlincə, məlum olduğu kimi, Ermənistan və erməni lobbisi 1915-ci ildə 500 min erməninin deyil, bir milyon beş yüz min erməninin qətlə yetirildiyini iddia edir. Sarkozinin "500 min erməni qətlə yetirilib" deməsi isə əslində Fransa Prezidenti və fransız siyasi elitasının tarixdə baş verənlərdən anlayışı olmadığını və ümumiyyətlə, tarixdə "erməni soyqırımı"nın olmadığını söyləməyə əsas verir.

Əgər 1915-ci ildə "ermənilərin soyqırımı" olsaydı, Ankara rəsmilərinin baş verənləri araşdırmaq üçün ortaq tarixi komissiyanın yaradılması haqqında təklifi hələ də cavabsız qalmazdı.

Prezident Sarkozinin bəyanatındakı haqlı məqamlara gəlincə isə, bu da hər bir dövlətin öz keçmişi ilə qarşılaşacağı məsələsidir. Təbii ki, Fransa da gec-tez 1930-1962-ci illərdə Əlcəzairdə 1,5 milyon insanın qətlinə görə öz keçmişi ilə - Əlcəzair soyqırımı ilə üzləşəcək.

1915-ci il hadisələrində ermənilərin "soyqırımı"nı araşdırmağa xüsusi komissiyanın yaradılmasına ehtiyac olduğu halda, Əlcəzairdə olan hadisələrin araşdırılmasına bir o qədər də ehtiyac yoxdur. Amma nədənsə Əlcəzairdə törətdiyi cinayətlərin məsuliyyətini qəbul etməyən Fransa, bu məsələnin tarixçilər tərəfindən araşdırılmasına ehtiyac olduğunu bildirir.

Lakin həm Fransa, həm də Əlcəzair arxivlərində Fransa ordusu tərəfindən 1,5 milyon insanın qətlini sübut edən sənədlər mövcuddur və gec-tez rəsmi Paris bu faktla, həm də ermənilərin Azərbaycanda törətdiyi soyqırım faktı ilə qarşılaşmalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti