...

Ekspert: Rusiyanın Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verməsi Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü xarici siyasətinin göstəricisidir

Nəzər nöqtəsi Materials 26 Dekabr 2018 19:19 (UTC +04:00)
Rusiyanın Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verməsi Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü xarici siyasətinin göstəricisidir.
Ekspert: Rusiyanın Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verməsi Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü xarici siyasətinin göstəricisidir

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Azərbaycan regional gücdən beynəlxalq güc faktoruna çevrilir. Bu barədə Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin “Rossiya 24” telekanalına verdiyi müsahibəsindəki fikirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, dövlət başçımızın Rusiyanı mehriban qonşu və etibarlı dost kimi dəyərləndirməsi qeyd edilən fikirləri özündə kifayət qədər ehtiva etməkdədir: “Azərbaycanın inkişaf və tərəqqi yolunda inamla addımlaması xarici dövlətlərin də diqqət mərkəzindədir və biz bu reallığı zaman-zaman bir sıra nüfuzlu media qurumlarında ölkəmizlə bağlı verilən şərh, rəy, açıqlama və müsahibələrdə görməkdəyik. Eyni zamanda, bu günlərdə Prezident İlham Əliyevin “Rossiya 24” telekanalına verdiyi müsahibə məhz bu faktorun tərkib hissəsi olaraq qiymətləndirilir. Daha dəqiq desək, bu gün Azərbaycanda gedən bir çox mühüm proseslər regionda strateji tərəfdaşımız olan Rusiyanın da müəyyən siyasi-iqtisadi maraqları ilə üst-üstə düşür və bu, qonşu ölkənin aparıcı mediasının da diqqətini cəlb edir”.

Baş redaktor bildirib ki, ümumiyyətlə, Azərbaycanla Rusiyanın münasibətləri artıq möhkəm təməllərə əsaslanıb və ölkəmiz şimal qonşusunun təmsil olunduğu siyasi qurumlarda, alyanslarda yer almasa belə, orada təmsil edilən və Ermənistan xaric, digər dövlətlərlə də isti münasibətlərini qoruyub-saxlamaqda, inkişaf etdirməkdədir:

"Bu müsahibəsində cənab İlham Əliyev həmin məsələyə toxunub və bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin mütləq əksəriyyəti ilə sıx dostluq münasibətləri var. Halbuki işğalçı Ermənistan müvafiq siyasi-iqtisadi qurumlarda yer alsa da, bu ölkənin istər əvvəlki, istərsə də hazırkı rəhbərliyinin yanlış və naşı liderləri orada nə nüfuz, nə də siyasi üstünlük əldə edə biliblər. Əksinə, biz xüsusilə Rusiyanın Azərbaycanla münasibətlərə nə qədər əhəmiyyətli yanaşmalarını görməkdəyik. Məhz bu gerçəklik Prezident İlham Əliyevin yürütdüyü dolğun, qətiyyətli, məqsədyönlü və strateji xətt üzrə qurduğu xarici siyasətinin aşkar göstəricisidir. O da əbəs deyil ki, dövlət başçımız bu xüsusda fikirlərini irəli sürərkən Ermənistanın işğalçılıq siyasətini də xatırladıb və əminliklə ifadə edib ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət irəliləyişlər olacaq".

Ekspert qeyd edib ki, Prezident İlham Əliyev burada tam əminlik ifadə edib və bu irəliləyişlərin nə zaman ola biləcəyini deyil, məhz olacağını vurğulayıb: "Bu bəyanat bir qətiyyət və iradə nümayişi kimi də dəyərləndirilməlidir. Həmçinin sübut və fakt budur ki, son vaxtlar Ermənistanda cərəyan edən hadisələr, daxili və xarici siyasətdə davamlı xarakter almış böhran artıq işğalçı rejimin uzun illərdən bəridir saxlamağa cəhd etdiyi status-kvo yanaşmasının iflasıdır. Artıq tam sübuta yetirilib ki, bu yanaşmanın heç bir perspektivi olmayıb və hazırda da yoxdur. Əlbəttə ki, Rusiya və Azərbaycanla isti münasibətləri olan digər Avrasiya ölkələri bu reallığı dərk edirlər, tezliklə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması yönündən çıxışlar edirlər. Çünki Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra daha böyük və nəhəng, hətta deyərdim ki, qlobal layihələrin icrasına başlayacaq ki, bu da bir sıra dövlətlərin həmin layihələrdə iştirakçı olmaq maraqlarından irəli gəlir. Bunun üçün isə, ölkə başçımızın da vurğuladığı kimi, Ermənistan həqiqəti dərk etməli, münaqişənin nizamlanması istiqamətində səy göstərməlidir”.

B.Quliyev deyib ki, qeyd olunanlarla yanaşı, Azərbaycan sülhün və sabitliyin qarantı kimi də tanınır və dəstəklənir: “Söz yox ki, bu amil də region və s. dövlətlərin marağındadır. Xüsusilə Rusiyanın marağındadır ki, onunla həm quru, həm də dəniz sərhədlərinə malik Azərbaycanla birgə sabitliyin, təhlükəsizliyin qarantı olaraq çıxış etsin. Ümumiyyətlə, Prezident İlham Əliyevin müsahibəsindən əminliklə bu nəticəyə gələ bilərik ki, Azərbaycan regional gücdən beynəlxalq güc faktoruna çevrilir və həmin gerçəklik birmənalı şəkildə qəbul olunmaqdadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti