...

Cəmiyyət dövlət başçısının sözlərinin arxasında sözə sadiqlik və özünü doğruldan fəaliyyət görür - Aydın Quliyev

Nəzər nöqtəsi Materials 1 Yanvar 2020 15:27 (UTC +04:00)
Dövlət və hökumət başçılarının hər ilin sonunda öz xalqına təbriki müasir dövlət idarəçiliyində özünü doğruldan ənənəyə çevrilməkdədir
Cəmiyyət dövlət başçısının sözlərinin arxasında sözə sadiqlik və özünü doğruldan fəaliyyət görür - Aydın Quliyev

Bakı. Trend:

Dövlət və hökumət başçılarının hər ilin sonunda öz xalqına təbriki müasir dövlət idarəçiliyində özünü doğruldan ənənəyə çevrilməkdədir.

Bunu Trend-ə "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, belə müraciətlərin məzmunu ötən dövrdə görülmüş işlərin məzmununa və seçilmiş inkişaf yolunun çağırışlarına uyğun olanda onun effekti daha da böyüyür:

"Təbriklər xalqın gözlədiyi və başa düşdüyü sadə dildə və inandırıcı arqumentlərlə deyiləndə, toparlayıcı real mesajlarla müşaiyət olunanda isə onun xüsusi əhəmiyyətindən və təsir gücündən danışmaq lazım gəlir. Prezident İlham Əliyevin xalqımıza yeni il və həmrəylik təbriki bu nöqteyi-nəzərdən xarakterikdir. Dövlət və cəmiyyət həyatının bütün sahələrində görülmüş işlərin real nəticələrinə uyğunluq, qarşıda dayanan vəzifələrin aydın mənzərəsinin yaradılması, xalqa və dünyadakı dostlara ruhlandırıcı mesajların verilməsi və cəmiyyətin vahid hədəfə doğru cəmləşdirilməsi Prezidentin təbrikinin ən ümdə cəhətləri kimi diqqət cəlb edir.

Xüsusulə son bir ildə qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyi barədə Prezidentin fikirlərinin cəmiyyətimizə müsbət təsir gücü ondadır ki, insanlar ilin əvvəlində qarşıya qoyulmuş vəzifələrin məzmunundan xəbərdardır. Təbii ki, həyata keçirilən geniş sosial paketlər, davam edən struktur və kadr islahatları, etimada xəyanət etmiş məmurların sərt cəzalandırılması və islahatlara yönəlik iradənin davam etdiriləcəyinə dərin inamın yaradılması Prezidentin bəyanatlarına cəmiyyətin etimadını təmin edən mühüm faktorlar kimi çıxış edir".

Ekspert vurğulayıb ki, konkret desək, cəmiyyət Prezidentin sözlərinin arxasında sözə sadiqlik və özünü doğruldan fəaliyyət görür: "Prezidentin xalqa müraciətində əhali və sosial rifah faktoru ilə bağlı məqamlar ayrıca yanaşma tələb edir. Əhali artdıqca Azərbaycan dövlətinin gücünün də artdığı barədə fikir Azərbaycan dövlətinin əhali faktoru, onun sosial-siyasi və iqtisadi güc tərəfləri barədə bitkin inkişaf konsepsiyası ilə hərəkət etdiyini göstərir. Daha konkret desək, Prezident Azərbaycanın əhali artımı ilə hərtərəfli inkişaf prosesi arasında düzgün əlaqəni qura bilmiş azsaylı ölkələrdən biri olduğunu maraqlı şəkildə təqdim etdi.

Dünyaya mesaj verildi ki, Azərbaycan öz əhalisinin artmasından narahat olan ölkələrdən deyil və əhali artımının məşğulluğu, rifah içində yaşamaq və nəsil artırmaq kimi perspektiv proseslərini rahat idarə etmək gücünə malikdir. Prezident dünyanın diqqətini sabitlik və inkişaf məkanı olaraq bir daha Azərbaycana cəlb edə bildi, buna nələrin hesabına nail olunduğunu ölkəmizin unikal nailiyyəti və özünəməxsus model olduğunu göstərdi. Prezident yaşadığımız sabitliyin heç də bütün xalqlara mənsub olmayan xoşbəxtlik olduğu barədə qiymətli mesajlar verdi. Prezident İlham Əliyevin dəqiq ifadə etdiyi reallıqlardan biri illərdən bəri həyata keçirilən daxili və diplomatik fəaliyyətlərin böyük nəticəsini dəqiq ifadə etməsidir. Prezident dünya birliyinin böyük əksəriyyətinin Azərbaycanı dəstəkləməsini xüsusi vurğulamaqla görülən geniş işlərin nəticəsinin ən dolğun təqdimatını etdi. Necə deyərlər, bu gün dünyanın Azərbaycanı dəstəkləməsi illər boyu əkilənlərin biçilən məhsulu kimi təqdirəlayiqdir".

A.Quliyev qeyd edib ki, Qarabağ probleminin həlli ilə bağlı Prezident İlham Əliyevin bəyanatları həm görülmüş işlərin yekunları, həm prinsipial mövqedən dönməzlik, həm aparılan kursa inam, həm də xalqın hədəfə yönəldilməsi baxımından dəyərlidir: "2019-cu il doğru olaraq itirilmiş il sayılsa da Prezident bu faktın özünü də təcavüzkarın siyasətinə sarsıdıcı zərbə silahına çevirə bildi. Bir daha ifadə edildi ki, Qarabağ məsələsində mövcud nəticəsizlik məhz Ermənistanın pozuculuğunun yekunudur. Prezidentin fikirləri cəmiyyətimizi Qarabağ probleminin uğurlu həll sonluğuna inandırmaq və yönləndirmək baxımından öz təsir qüvvəsini yüksək səviyyədə qoruyub saxlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti