Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
"Eurovision 2012" mahnı müsabiqəsinin mayın 22-də keçirilən I yarımfinalında uğur qazanaraq finala addımlayan İrlandiya təmsilçiləri çox həyəcanlı olduqlarını deyiblər.
"Keçənilki müsabiqədə iştirakımızın bəyənildiyini dedilər. Ona görə də "Eurovision 2012"-də iştirak etdik. Həyəcanlı idik və hesab edirik ki, çıxışımız elə də uğurlu alınmadı. Ancaq finalda uğurlu çıxış edəcəyimizə inanırıq", - Trend-in məlumatına görə, bunu "Jedward" qurpunun üzvləri çərşənbə günü yarımfinaldan sonra keçirilən mətbuat konfransında deyiblər.
Əkiz qardaşlar qeyd ediblər ki, bəlkə də ənənəvi saç düzümündə olmadıqlarına görə onları tanımayıblar.
Mətbuat konfransındakı püşkatmanın nəticəsinə əsasən, "Jedward" qrupu finalda 23-cü yerdə çıxış edəcək.