...

İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq

Dünya xəbərləri Materials 19 Noyabr 2007 04:02 (UTC +04:00)
İsraildə Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq

İsrail, Qüds / Trend , müxbir R.Məmmədov/ İsrail dövləti ərazisində ilk dəfə olaraq burada Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq. Bu barədə məlumatı Trend ə Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Aleks Şapiro-Suliman çatdırmışdır. Həmin qərar Koqresin novbəti iclasında qəbul edilmişdir. Təşkilat rəhbərinin fikrincə, Azərbaycan Mədəniyyət Mərkəzi İsrail ərazisində yaşayan və ilk vətəni olmuş Azərbaycanın adət-ənənələrini, dilini, mədəniyyətini və tarixini qoruyub inkişaf etdirməkdə marağı olan azərbaycanlıları və Azərbaycandan gəlmiş başqa millətlərin nümayəndələrini özündə birləşdirəcək.

"Mədəniyyət Mərkəzi İsrail dövlətində milli münasibətlərin təkmilləşdirilməsinə yardım göstərəcək, azərbaycanlıların və Azərbaycandan köçüb gələn başqa millət nümayəndələrinin ölkənin ictimai və mədəni həyatının bütün sahələrinə fəal surətdə cəlb edilməsinə şərait yaradacaq. Azərbaycan Mədəniyyət Mərkəzi öz əsas məqsədini anna dilinin, bənzərsiz mədəniyyətinin, milli ənənələrinin inkişaf etdirilməsində, Azərbaycan milli kitabxanasının yaradılmasında görür", - deyə Yaxın Şərq Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Xolon Texnoloqi Universitetinin professoru Bəxtiyar Yaqubov bildirir.

Yaxın Şərq Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərəcək Mədəniyyət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Heydər Əliyev Fondu ilə birgə layihələr üzərində işləyərək Azərbaycan haqqında, ölkəyə qarşı erməni təcavüzü barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yardım göstərəcək. Konqresin digər vitse-prezidenti, tarix elmləri namizədi Leya Mikdaş-Samuelin sölərinə görə, Mədəniyyət Mərkəzinin ilk layihəsi - "Qarabağ gerçəklikləri" broşürünün ivrit dilinə tərcümə olunub nəşr edilməsi olacaq.

Aleks Şapiro-Suliman deyir ki, Yaxın Şərq Azərbaycanlıları Konqresinin idarə heyəti 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik gününü ilk dəfə olaraq İsraildə də bayram kimi qeyd etməyi qərara almışdır. "Məhz həmin əziz gündə Rişon-Le-Sion şəhərində biz təntənəli şəraitdə Azərbaycan Mədəniyyət Mərkəzini açacağıq. Bu tədbirdə İsrailin və Azərbaycanın rəsmi şəxslərinin, iki ölkə siyasi elitasının, parlament üzvlərinin, İsraildə akkreditasiya olunmuş diplomatik korpus nümayəndələrinin, həmçinin Azərbaycan estrada ulduzlarının iştirakı gözlənilir", - deyə Konqress prezidenti bildirdi.

Qeyd etmək lazımdır ki, Yaxın Şərqdə Azərbaycanlılar Konqresinin prezidenti Aleks Şapiro-Suliman bu gün Azərbaycan səfərinə başlayır. O, Bakıda keçirilən Türk Dövlətləri və Cəmiyyətləri XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayının işində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti