Gürcüstan, Tbilisi, 9 may / Trend müxbir N.Kirtsxalia/ Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli şəhərində seçicilər qarşısında çıxış edən majoritar qaydada namizədliyini irəli sürmüş Birləşmiş müxalifətin təmsilçisi Bejan Qunava seçkilərdə qalib gələcəyi təqdirdə qapadılmış Sadaxlı bazarını açmağa söz verib.
Bu gün Qunava bağlı olan bazarın qarşısında etiraz aksiya keçirib və onun dərhal açılmasını tələb edib. O hətta bazarın qapılarını sındırıb və bəyan edib ki, seçkilərdə qalib gələndən sonra məhz bu cür olacaq.
Qunavanın sözlərinə görə, Sadaxlı bazarında vaxtilə 4 500 nəfər işlə təmin olunmuşdur və bu bazar bir çox ailə üçün gəlir mənbəyi olub.
Sadaxlı bazarı bir il əvvəl bağlanıb. Rəsmi səbəb kimi burada qaçaqmal yolu ilə ölkəyə gətirilən malların ticarəti göstərilib.
Marneulidə yaşayan azərbaycanlılar müxalifət nümayəndəsinin təşəbbüsünü dəstəkləyərək bəyan ediblər ki, onların bir çoxu bazarın qapadılması nəticəsində gəlir mənbəyindən məhrum olublar.