Gürcüstan, Tbilisi, 07 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Osetiya separatçıları Gürcüstanı iri miqyaslı hərbi əməliyyatlara cəlb etmək üçün yaxşı düşünülmüş təxribatlara can atırlar. Bu barədə cümə axşamı keçirilən brifinqdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili bildirib.
"Təəssüf ki, münaqişə zonasında taxribat davam edir, burada bütün gecəni atışma olub, Tsxinvalı bu yolla danışıqlar prosesini pozmağa çalışır. Atışmalar zamanı ağır texnika və artileriyadan istifadə olunur. Onlar gecə polisə və dinc əhaliyə hücum etdilər və biz cavab vermək məcburiyyətində qaldıq", - deyə o qeyd edib.
Dövlət naziri qeyd edib ki, separatçılar daha kəskin təxribat üsullarına əl atırlar. "Separatçılar Rusiya sülhməramlılarının postları ilə yanaşı, ərazilərdən də atəş açırlar, onlar isə buna heç bir reaksiya vermirlər və bu, rusiyalıların münaqişəyə cəlb edilməsinə gətirib çıxara bilər. Separatçılar sosial obyektlər - xəstəxana və məktəblərdən də istifadə edirlər, hətta oradan atəş də açırlar ki, cavab atəşi açarkən gürcüləri vəhşilikdə ittiham etsinlər. Öz hakimiyyətini qoruyub saxlamaq üçün insanların həyatından istifadə etmək sözün həqiqi mənasında vəhşilikdir", - deyə o bəyan edib.
Yakobaşvili bildirib ki, münaqişə zonasında yaranan gərginliyə görə bütün məsuliyyət "separatçıları təpədən-dırnağadək sılahlandıran və onları yetişdirən Rusiyanın üzərinə düşür". "Regionda yeni atışmalara hazırlıq gedir və Rusiya vəziyyətə nəzarəti itirir", - deyə o bildirib.
Dövlət naziri bildirib ki, gecə baş verən atışmalar zamanı gürcü tərəfindən iki hərbçi, osetin tərəfdən isə yeddi nəfər yaralanıb. "Xeyli dağıntılar var. Osetiya tərəfi ara-sıra aparılan atışma nəticəsində Osetiyanın Dmenisi kəndinin 20 faizini dağıdıb", - deyə o vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend