...

Gürcüstan müxalifəti Rusiyanın təcavüzünü dəf etmək üçün ölkə prezidentinin ətrafında birləşib

Dünya xəbərləri Materials 12 Avqust 2008 13:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcü müxalifəti bütünlüklə Gürcüstan prezidentini dəstəkləyir və ölkənin müdafiəsi üçün onun ətrafında durmağa hazırdır. Gürcü müxalifət partiyalarının yekdil fikri belədir.

Dünən öz mövqeyini müxalif "Güclü Gürcüstan - xristian-demokrat" fraksiyasının parlament üzvləri bildiriblər. "Qoy heç kəs fikirləşməsin ki, bu yolla prezident Mixail Saakaşvilini vəzifəsindən devirmək və sonra buranı sakitcə idarə etmək olar", - fraksiya nümayəndəsi Giorgi Saqareişvili deyib.

Öz həmkarı ilə həmrəy olan bütün fraksiya üzvləri mətbuat konfransı keçiriblər.

Dünən həmçinin ümummüxalifətin lideri bəyanatla çıxış edərək bildirib ki, Gürcüstan prezidenti - ümumxalq seçilmiş prezidentdir və heç kəs onu bu yolla devirmək hüququna malik deyil. "Biz hamımız ölkənin müdafiəsi üçün prezidentin ətrafında durmağa hazırıq və hazırda biz birbaşa hərbi təcavüz qarşısındayıq", - o bəyan edib.

Belə ağır vəziyyətdə hakimiyyətə dəstəyini "Yeni sağçılar", Milli İstiqlal patiyası, ictimai təşkilat və müxalif qeyri-hökumət təşkilatları da ifadə ediblər.

"Hazırda haqq-hesab çürütmək vaxtı deyil, düşmən evimizə daxil olub və onu qovmaq lazımdır", - bu fikri "Yeni sağçılar"ın lideri David Qamkrelidze deyib.

Rusiya təcavüzünü leyboristlər də pisləyiblər, lakin onlar hər iki tərəfi atəşi dayandırmağa çağırıblar və ölkənin müdafiəsi naminə prezident Saakaşvilinin ətrafında durmağa hazır olduqlarını bildirməyiblər.

Gürcüstanın Vahid Kommunist Partiyasının üzvləri ümumiyyətlə fikir bildirmirlər. Qeyd etmək lazımdır ki, ekspertlərin fikrincə, Rusiya Gürcüstanın qərbyönümlü istiqamətini öz tərəfinə dəyişdirmək istəyir. Bu planın həyata keçməsi üçün Gürcüstanda DTN-nin keçmiş rəhbəri İqor Giorqadzenin şəxsində, Rusiya öz adamını təyin etməyə cəhd edəcək.

Gürcü ekspertləri hesab edirlər ki, Gürcüstan tamamilə işğal olunsa belə, xalq çətin ki, bu lideri və rus dəyərlərini qəbul etsin. "Gürcüstanda azadlıq və demokratiya şəraitində yaşamış yeni nəsl yetişib və çətin ki, onlar bununla razılaşsınlar", - ekspertlər yekdilliklə qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti