...

Saakaşvili Cənubi Osetiyaya zərbə endirməyi çoxdan planlaşdırırdı – Gürcüstanın keçmiş müdafiə naziri

Dünya xəbərləri Materials 15 Sentyabr 2008 12:39 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisinin Cənubi Osetiya üzərində nəzarətini geri qaytarmaq üçün çoxdan bu respublikaya zərbə endirməyi planlaşdırırdı. Bu barədə "Reuters"ə müsahibəsində Gürcüstanın keçmiş müdafiə naziri və Gürcüstan prezidentinin keçmiş siyasi silahdaşı İrakli Okruaşvili bildirib. Okruaşvilinin sözlərinə görə, o və Saakaşvili Cənubi Osetiya və Abxaziyanın zəbti üzrə hərbi planı birgə hazırlayıblar. "Abxaziya bizim strateji prioritetimiz idi, lakin biz 2005-ci ildə həm Abxaziya, həm də Cənubi Osetiyaya daxil olmağa hazırlaşırdıq", - deyə Okruaşvili etiraf edib.

Gürcüstanın keçmiş naziri bildirib ki, ilkin plan Sxinvali, Roksk tuneli və Cavanı tutmaqla Cənubi Osetiya ərazisində əməliyyatların aparılmasını nəzərdə tuturdu. Lakin yekunda Saakaşvili yalnız Sxinvalini tutmaq qərarına gəldi, "çünki o, ABŞ-ın diplomatik kanallarla Rusiyaya cavab verəcəyini düşünürdü", - deyə Okruaşvili bildirib. Onun sözlərinə görə, Gürcüstan prezidenti qoşunlarını Roksk tunelinə tərəf yalnız Vaşınqtonun reaksiyasının heç nəyi həll etmədiyini anlayanda göndərdi ki, onda da artıq gec idi.

Okruaşvili qeyd edib ki, 2006-cı ildən sonra Gürcüstan hərbi vasitələrlə öz planını reallaşdırmaq imkanında deyildi, çünki "ruslar qruplaşdırılmış və Şimali Qafqaz, Abxaziya və Cənubi Osetiyada hərbi infrastrukturlarını möhkəmləndirmişdilər".

ABŞ-ın münaqişədəki rolundan danışan Okruaşvili bildirib ki, son hadisələrə görə günahın bir hissəsi Saakaşvilinin və artan avtoritarlıq və nəzarətsiz ambisiyalarına baxmayaraq onu dəstəkləyən Vaşinqtonun üzərinə düşür. Bundan əlavə, eks-nazirin sözlərinə görə, 2005-ci ilin mayında ABŞ prezidenti Corc Buş ilə görüşdə Gürcüstan rəhbərliyinə "açıq şəkildə bildrilmişdi: hərbi qarşıdurmaya getməyin - biz sizə hərbi vasitə ilə kömək edə bilməyəcəyik", - RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti