ABŞ prezidenti seçilən Barak Obama Ağ Evdə onunla işləyəcək komanda üzvlərinin adlarını açıqlayıb. "Sinxua" Agentliyinin verdiyi xəbərə görə, Devid Akselrod baş müşavir, Liza Braun İdarəetmə Katibliyinin rəisi vəzifələrinə təyin ediliblər. Hüquqi məsələlər üzrə müşavir postunu Qreq Kreyq, Nazirlər Kabinetinin katibi vəzifəsini isə Krist Lyu tutub.
Akselrod Obamanın seçkiqabağı qərərgahının rəhbəri, Kreyq və Braun isə prezident Bil Klintonun Administrasiyasında fəaliyyət göstəriblər. Lyuya gəldikdə isə, yeni seçilən prezidentin Harvard Universitetindəki kurs yoldaşı son 4 il ərzində müxtəlif rollarda Obamanın komandasında işləyib.
Əvvəllər verilən məlumata görə, Obamanın prezident komandasını formalaşdırmaq üzrə hazırlığa başlaması barədə informasiya hələ 2008-ci il 31 oktyabr tarixində - ABŞ-da prezident seçkiləri başlayanadək yaranmışdı. İllinoys ştatından olan konqresmen Ramu Emanuel ABŞ prezidenti seçkilərində qələbə qazanan Obamanın onun gələcək administrasiyasına rəhbərlik etmək təklifi ilə razılaşıb. Emanuel prezident Klintonun zamanında Ağ Evdə işləyib. O, indiyədək ABŞ Konqresində nümayəndələr palatasının üzvüdür.
Obama 2008-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasiminədək öz prezident komandasını müəyyən etməlidir.
İllinoysdan olan demokrat senator Obama tarixdə ABŞ prezidenti seçilən ilk afroamerikalı oldu. Lakin seçkilərin yekun nəticələri ABŞ Konqresinin gələn il yanvarın 6-da keçiriləcək iclasında aydın olacaq. Obamanın isə rəqibi respublikaçı Con Makkeyn üzərində inamlı qələbə qazandığı artıq məlumdur.
RBK -nın verdiyi məlumata görə, o, prezident seçilmək üçün tələb olunan Seçicilər Kollegiyası üzvlərinin 270 səsini tam toplayıb.