İsrail, Yerusəlim, 08 dekabr / Trend , müxbir A.Qut/ İsrail İrana hərbi zərbə vurmaqda Vaşinqtona təhriklərində davam edərsə, Birləşmiş Ştatlarla strateji münasibətlərinə zərbə vurmuş olacaq. Bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski "Ha-Aretz" qəzetinə müsahibəsində deyib.
"Mən İsrail hökumətinə bir məsləhət verərdim: Amerikanın İrana hücumu kampaniyasında iştirak etməsin. Çünki ABŞ-ın İrana hücum etməyə hazırlaşdığını düşünmürəm. Əgər bu baş verərsə, nəticələr fəlakətli olacaq", - Bjezinski deyib. Milli təhlükəsizlik üzrə keçmiş müşavirin fikrincə, İsrail həqiqətən də İrana hücum etsə belə, bütün nüvə qurğularına zərbə vura bilməyəcək: "Ən yaxşı halda, İslam Respublikasının nüvə silahı yaratmaq planını ləngitməyə və ya gecikdirməyə ümid etmək olar".
Bjezinskinin sözlərinə görə, İrana münasibətdə hərbi seçim realdır, amma bu həm ABŞ, həm də İsrail üçün real deyil, çünki İsrailin İran nüvə qurğularını dağıtmaq imkanı yoxdur. "Bu, İsrailin maraqlarına zərbə vura, eyni zamanda İran ekstremizmini və fundamentalizmini gücləndirə bilər. Bu isə Qərbin maraqlarına uyğun deyil", - Bjezinski söyləyib.
Səksən yaşlı amerikalı diplomat hesab edir ki, ABŞ-ın yeni seçilən prezidenti Barak Obama seçkilərdə qələbə eyforiyasını konkret siyasətə çevirmək üçün nadir imkana malikdir, bu, beynəlxalq aləmdə nəticələr verə bilər. "Düşünürəm ki, Barak Obama İsrail-Fələstin münaqişəsinin həllinə fəal yardım göstərməli və Amerikanın hərtərəfli və açıq sülh təşəbbüslərini tələb etməlidir. Çünki münaqişə tərəfləri çıxılmaz vəziyyətə salınıblar", - Bjezinski bildirib.
Amerikalı politoloq deyib ki, İsraildə və Fələstin ərazilərində ictimai rəy razılaşmaya çoxdan hazırdır, amma siyasi rəhbərlik fəal Amerika vasitəçiliyinin tələb etdiyi qaçılmaz güzəştlərə getməkdə müəyyən qədər tərəddüdlər edir. Bjezinskinin fikrincə, ABŞ təşəbbüsü ələ almalıdır. Bu təşəbbüs xüsusilə Amerikanın aydın təsəvvürünü tələb edir və dörd əsas prinsipə əsaslanmalıdır:
- cüzi düzəlişlərlə 1967-cil sərhədlərinə qayıtma, əhalisi çox olan yerləşmə bloklarının qorunması üçün ərazi mübadiləsi;
- Fələstin qaçqınlarına geri qayıtma hüququnun əvəzində kompensasiya;
- Yerusəlimin hər iki dövlətin paytaxtı üçün "ümumi ev" olması;
- Fələstin dövlətinin gələcəyi üçün demilitarizasiya.
Müəlliflə əlaqə ünvanı: trend