Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir A.Bədəlova/ Fransanın neft şirkəti olan Total cari ildə İranın (Pars LNG) maye təbii qaz istehsalı (MTQ) ilə bağlı layihəsinə sərmayə yatırmayacaq.
"Total İranda MTQ-nin istehsalı layihəsi ilə bağlı danışıqları davam etdirir. İran ətrafında cərəyan edən hadisələri nəzərə almasaq belə, bu layihə kifayət qədər inkişafını tapmadığından cari ildə ona sərmayə yatırılması real deyil", - Fransa şirkətinin nümayəndəsi Kevin Çörç (Kevin Church) cumə günü telefon bağlantısı ilə Trend -a bildirib.
Onun sözlərinə əsasən, Total İranla "Cənubi Pars" iri qaz yatağının tədqiqi barədə danışıqları da davam etdirir.
"Total artıq "Cənubi Pars" yatağının tədqiqinin ikinci və üçüncü fazalarında iştirak edir. Şirkət sözügedən yataqda qaz hasilatı istiqamətində 11-ci fazanın mümkünlüyünü nəzərdən keçirir", - Çörç qeyd edib.
Ötən il yayılan xəbərlərə görə, Total siyasi təhlükəni nəzərə alaraq İran islam Respublikasında təbii qazla bağlı layihələrini dayandırıb.
"Cənubi Pars"ın mümkün marşrutları barədə danışan Çörç, ixracın kəmər vasitəsi ilə həyata keçirildiyi halda, Türkiyə və ya İran körfəzi ölkələrinə üstünlük veriləcəyini bildirib.
"Cənubi Pars" dünyanın ən iri qaz yatağı olmaqla 14 trilyon kub metr qaz ehtiyatına malikdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]