Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxalia /
Mən ABŞ prezidenti Barak Obamanın "Gürcüstana dəstəyin tam təzahürü olan" son bəyanatını alqışlayıram. Bu barədə ABŞ Silahlı Qüvvələri Komandanlığının Birləşmiş Komitəsinin sədr müavini, general Ceyms Kartrayt ilə keçirilən birgə brifinqdə Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib. Onun sözlərinə görə, Gürcüstan və ABŞ "hərbi-siyasi münasibətlərin tamamilə yeni mərhələsinə keçir". "Biz ABŞ rəhbərliyinin son bəyanatlarını diqqətlə izlədik və Münhendə görüş keçirdiyim vitse-prezident Co Baydendən əməkdaşlığın dərinləşdirilməsinə dair zəmanət aldıq. Mən ABŞ prezidentinin birmənalı qaydada Gürcüstanı dəstəkləyən son bəyanatlarını alqışlayıram", - deyə Saakaşvili vurğulayıb.
O qeyd edib ki, ABŞ və Gürcüstan arasında dialoq intensiv mahiyyət alır. "Bu günlərdə xarici siyasət idarələrinin rəhbərləri - Hillari Klinton və Qriqol Vaşadzenin görüşü baş tutub və bu yaxınlarda onlar yenidən görüşəcəklər", - deyə Gürcüstan prezidenti qeyd edib.