İranın Sistan və Bəluçistan əyalətində baş verən partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb. Bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumatda həmçinin ölənlərdən 24 nəfərin adları açıqlanıb. Adları açıqlanmış şəxslərin hamısı kişidir və onların arasında bir Əfqanıstan vətəndaşının da olduğu bildirilir.
"Yaralananlardan 6 nəfərin vəziyyəti ağır olduğundan xəstəxanada dünyasını dəyişib", - İranın şəhid, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə təşkilatının direktoru Məhəmməd Qulami Fars agentliyinə müsahibəsində bildirib. O yaralananların sayının 125 nəfər olduğunu bildirib. Yaralıların 40 nəfəri ambulator müalicə olunaraq evə buraxılıb.
"İranın Sistan və Bəluçistan əyalətində partlayış törətmiş cinayətkarlar həbs olunub", - deyə Sistan və Bəluçistan əyalətinin icra başçısı Əli Məhəmməd Azad cümə günü hadisə nəticəsində yaralananlarla görüşü zamanı bildirib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
"Təhlükəsizlik qüvvələrinin səyi nəticəsində "Əli ibn Əbu Talib" məscidində partlayış törətmiş terrorist qruplaşmasının bəzi üzvləri həbs olunub", - deyə Azad bildirib.
Azad əlavə edib ki, həbs olunanlar hazırda Milli Təhlükəsizlik Nazirliyinin əyalət bölməsində dindirilirlər. "Lazımi araşdırmalar aparıldıqdan sonra terrorist qruplaşmasının üzvləri layiqli cəzalarını alacaqlar", - deyə Azad bildirib.
Mayın 28-də İranın Zahidan şəhərində "Əli ibn Əbu Talib" məscidində partlayış törədilib. Hadisə nəticəsində 80 nəfər yaralanıb, 19 nəfərin isə həlak olduğu bildirilirib. Azad əlavə edib ki, hadisə zamanı valideynləri ilə məscidə gəlmiş 4 yaşlı uşaq da həlak olub.