Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın keçirdiyi toplantıda ölkədə mövcud olan kürd probleminin demokratik və qardaşlıq prinsipləri ilə həll edilməli olduğunu bildirib. Bu haqda Türkiyənini CNN TÜRK telekanalı məlumat verib.
"Nə olursa olsun AKP ölkədə mövcud olan kürd problemini həll edəcək. Bütün problemləri milli birlik prinsipləri ilə həll edəcəyik", - deyə Ərdoğan bildirib.
Trend -un arayışı: Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bundan öncə bu problemin həlli üçün DTP lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd probleminin həllinin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyə ana müxalifətinin lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib.
Baş nazir onu da bildirib ki , kürd problemi Türkiyədə milli məsələdir və bu məsələni siyasiləşdirmək olmaz.
"Türkiyənin milli birliyi siyasətə alət olmamalıdır", - deyə o qeyd edib.