...

Enerji daşıyıcıları üzrə "Cənub dəhlizi" adlanacaq yeni nəql marşrutu yaradıla bilər - Azərbaycan Prezidenti

Dünya xəbərləri Materials 21 Oktyabr 2009 13:33 (UTC +04:00)
Azərbaycanla İsveçrənin enerji sahəsində qarşılıqlı maraqları “Cənub dəhlizi” adlanacaq yeni nəql marşrutunun formalaşmasına yardım edə bilər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Prezidenti Hans-Rudolf Mertslə birgə Berndə keçirdiyi mətbuat konfransında deyib, AzərTac dövlət informasiya agentliyinin çərşənbə axşamı məlumatında deyilir.
Enerji daşıyıcıları üzrə "Cənub dəhlizi" adlanacaq yeni nəql marşrutu yaradıla bilər - Azərbaycan Prezidenti

Azərbaycanla İsveçrənin enerji sahəsində qarşılıqlı maraqları "Cənub dəhlizi" adlanacaq yeni nəql marşrutunun formalaşmasına yardım edə bilər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Prezidenti Hans-Rudolf Mertslə birgə Berndə keçirdiyi mətbuat konfransında deyib, AzərTac dövlət informasiya agentliyinin çərşənbə axşamı məlumatında deyilir.

"Bu sahədəki əlaqələrimiz böyük potensiala malikdir. Avropada enerji təhlükəsizliyi ilə bağlı ümumi baxışlarımız mövcuddur. Nəhəng neft və qaz ehtiyatlarına malik olan Azərbaycan öz enerji daşıyıcılarını Avropadakı tərəfdaşlarına qısa zamanda çatdırmağa hazırdır. Bu məsələdə ölkələrimizin qarşılıqlı maraqları "Cənub dəhlizi" adlanacaq yeni nəql marşrutunun formalaşmasına yardım edə bilər", - Prezident İlham Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin İsveçrəyə ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılmış mühüm addımdır.

"Mən Azərbaycan Prezidentinin İsveçrəyə ilk rəsmi səfərini ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində atılmış mühüm addım hesab edirəm. Münasibətlərimiz çox uğurla inkişaf edir. Bu ilin əvvəlində biz sizinlə Davosda görüşdük və maraqlı müzakirələrimiz oldu. Bu gün isə, biz dialoqumuzu davam etdiririk. Bu dialoq bir çox sahələri əhatə edir. Artıq bir çox yaxşı nəticələr var və bu, gələcəkdə də belə davam edə bilər. Münasibətlərimizin gələcəyi çox perspektivlidir. Qeyd etmək istərdim ki, son bir neçə il ərzində əlaqələrimiz dinamik şəkildə inkişaf etmişdir. Prezidentlərin səfərləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, İsveçrə və Azərbaycan parlamentlərində dostluq qruplarının yaradılması, İsveçrədə Azərbaycanın Mədəniyyət Günləri ikitərəfli əlaqələrin çox mühüm elementləridir", - Azərbaycan Respublikasının başçısı deyib.

İlham Əliyev bildirib ki, beynəlxalq maliyyə böhranına baxmayaraq, Azərbaycan-İsveçrə iqtisadi əlaqələri müvəffəqiyyətlə inkişaf edir.

"İsveçrə bizim üçün yaxın tərəfdaş, dost ölkədir. Bu gün, cənab Prezident, yaratdığınız mühit əsl dostluq mühitidir. Biz ikitərəfli əlaqələrə aid bir çox mühüm məsələləri müzakirə etdik, onların inkişaf yollarını araşdırdıq. İsveçrə və Azərbaycanda qarşılıqlı sərmayə layihələrinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi apardıq. Ticarət dövriyyəmiz sürətlə artır. Beynəlxalq maliyyə böhranına baxmayaraq, iqtisadi münasibətlərimiz uğurla inkişaf edir. Bu gün biz regional inkişafın mühüm məsələlərini, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə etdik. Mən həmkarıma danışıqlar prosesində baş verən son hadisələr haqqında məlumat verdim", - Prezident deyib.

"Əminəm ki, gələn illər ərzində də münasibətlərimiz uğurla inkişaf edəcək və bir çox sahələrdə öz əksini tapacaqdır. Çünki bunun üçün hər bir şərait var. Siyasi iradə, güclü siyasi təmaslar, iqtisadiyyatlarımızın bir-birinə cəlbedici olması və münbit sərmayə şəraiti mövcuddur. Müstəqil siyasətə qəti sadiqliyimiz, müstəqil siyasət aparmaq bacarığı, coğrafi mövqeyimiz, xalqlarımızın və ölkələrimizin rifahı naminə daha sıx əlaqələr qurmaq arzusu vardır. Mən aparılmış müzakirələrdən çox məmnunam. Bir neçə saatlıq söhbətimiz oldu. Görüşümüz olduqca faydalı keçdi. Bu görüş danışıqların ənənəvi mövzusu olan məsələlərə diqqət yönəltməyə və gələcəkdə həll edəcəyimiz yeni vəzifələrə nəzər salmağa imkan verdi", - dövlət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti