İranın "Behkəde Rəzəvi" əkinçilik və sənaye şirkətinin Fəhlələr Şurasının sabiq direktoru Mahmud Hüseyni bildirib ki, şirkətin fəhlələri 6 aylıq əmək haqlarını ala bilmədikləri üçün bu gün İranın İmam Xomeyni adına İmdad Komitəsinin Şimali Xorasan əyalət şöbəsinin qarşısında aksiya keçiriblər. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.
"Behkəde Rəzəvi" İmam Xomeyni adına İmdad Komitəsinin tabeliyində olan əkinçilik və sənaye şirkətidir. 6 aydır ki, şirkət 180 fəhlənin əmək haqqını ödəmir", - Hüseyni deyib.
Hüseyni həmçinin əlavə edib ki, 4 ildir ki, şirkət işçilər üçün nəzərdə tutulan payları da, o cümlədən paltar və ayaqqabı paylarını vermir.
"Behkəde Rəzəvi" əkinçilik və sənaye şirkəti İranın Şimali Xorasan əyalətinin Səlmqan şəhərində yerləşir. Şirkət 35 ildir fəaliyyət göstərir və şirkətdə 300 ailə əkinçilik, heyvandarlıq, əkinçilikdə istifadə olunan avadanlıq və texnikanın istehsalı və təmiri ilə məşğul olur.