Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir T.Cəfərov/
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, Əfqanıstandakı problemlərin həllini müzakirə etmək məqsədi ilə tezliklə Tehranda Əfqanıstanın 6 qonşu ölkəsinin rəsmilərinin iştirakı ilə iclas keçiriləcək.
Mehmanpərəsət ötən həftənin şənbə günü İslamabadda keçirilən Əfqanıstan, Pakistan və İran XİN rəhbərlərinin iclasının müsbət nəticələndiyini bildirib. "İran Əfqanıstan və Pakistanla əməkdaşlıq edərək regiondakı problemlərin həllini müzakirə etdi. Üçtərəfli iclas da elə bu məqsədlə təşkil olunmuşdu və müsbət nəticələr əldə edildi", - Mehmanpərəst cümə axşamı telefonla Tehrandan Trend -a bildirib.
Mehmanpərəst əlavə edib ki, İslamabadda keçirilən iclasda üç ölkə rəsmiləri Əfqanıstanda mövcud olan və hazırda digər ölkələrə yayılmaqda olan terrorizm və narkotik maddələrlə mübarizə və regiondakı digər məsələlərin həlli yollarını araşdırıblar.
Onun sözlərinə görə, XİN rəhbərlərinin İslamabaddakı görüşündə üç ölkənin daxili işlər nazirlərinin İslamabadda, iqtisadiyyat nazirlərinin Kabildə, təhlükəsizlik nazirlərinin isə Tehranda iclaslarının keçirilməsi barədə razılıq əldə olunub. "İslamabaddakı iclasda üç ölkə prezidentinin sammitinin yaxın gələcəkdə İslamabadda keçirilməsi barədə qərar qəbul olunub. Bundan sonra isə Əfqanıstandakı problemlərin həllini müzakirə etmək məqsədi ilə Tehranda Əfqanıstanın 6 qonşu ölkəsinin rəsmilərinin iştirakı ilə iclas keçiriləcək", - Mehmanpərəst deyib.