Türkiyə Baş nazirinin ermənilərin Türkiyədən deportasiyası barədə bəyanatı yolverilməzdir və Ermənistan - Türkiyə dialoqunun irəliləməsinə xidmət etmir. Bunu cümə axşamı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ilə görüşündə deyib. Məlumatı "Novosti-Armeniya" yayıb.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BBC teleşirkətinə müsahibəsində Türkiyə ərazisində qeyri-leqal yaşayan bütün ermənilərin deportasiya olunacağı ilə hədələyib. Onun sözlərinə görə, bu gün Türkiyədə 170 minə yaxın erməni yaşayır. Onlardan yalnız 70 mini Türkiyə vətəndaşıdır.
Erməni nazir qeyd edib ki, bu mövzu Türkiyənin özündə də ciddi müzakirələrə səbəb olub və çoxları bu cür bəyanatın necə verildiyini anlaya bilmir.
"Bu gün mən Türkiyə qəzetində bir məqalə oxudum. Orada sual olunur ki, bunu kim məsləhət görə bilər ki, bunu demək mümkün olsun. Lakin təəssüf ki, belə bəyanatlar birinci dəfə deyil verilir və tamamilə mənfi nəticələrə gətirib çıxarır", - Nalbandyan deyib.
O, ümidvar olduğunu bildirib ki, Türkiyədə daha realist yanaşma üstün gələcək və orada "ilkin şərtlər olmadan irəliyə doğru hərəkətin vacibliyi barədə" beynəlxalq birliyin və praktik olaraq dünyanın bütün ölkələrinin söylədiyi fikirlər nəzərə alınacaq.
"Ermənistana, başqa ölkələrə hədə-qorxu gəlmək, şantaj eləmək yox, irəliyə doğru hərəkət və iki ölkə arasında əldə olunmuş saziş və razılaşmaları yerinə yetirmək lazımdır. Bu, sivil dünyada fəaliyyət göstərmək üçün yol deyil", - Nalbandyan deyib.