RED: üçüncü abzasdan sonra əlavə olunub
ABŞ Prezidenti Barak Obama Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı onunla görüşməyəcək. Bu barədə Türkiyənin "Cihan" agentliyi məlumat verir.
Türkiyənin Baş naziri Obamanın hamiliyi altında keçirilən nüvə təhlükəsizliyi üzrə sammitə iştirak etmək üçün aprelin 12-13-də ABŞ-a səfər edəcək.
Ağ ev nümayəndəsi Robert Gibsin sözlərinə əsasən, Obama, həmçinin, sammitdə iştirak edəcək Ermənistan prezidenti Serj Sarqsyan ilə görüşəcək, lakin Türkiyənin Baş naziri ilə görüşü planlaşdırılmayıb.
Gibs bildirib ki, növbəti həftə sammitdə aralarında Türkiyə və Ermənistanın da olduğu 47 dövlətin rəhbərləri iştirak edəcək. Ermənistan prezidenti ilə yanaşı, Ağ ev rəhbəri Çin rəhbəri ilə, Almaniya kansleri ilə, Qazaxıstan Prezidenti, İordaniya Kralı və digərləri ilə ikitərəfli görüşlər keçirəcək.
Lakin Türkiyənin Baş naziri ilə ayrılıqda görüş və üçtərəfli Sarqsyan, Ərdoğan, Obama görüşünə gəldikdə, Gibs bildirib ki, "görüşlər planlaşdırılmayıb".
Ərəbyönlü "Əl-Qüds Əl-Ərəbi" qəzeti diplomatik mənbədən istinadən bildirib ki, Prezident Obama, həmçinin, sammitdə iştirak edəcək İsrailin Baş naziri Benyamin Netanyahu ilə də görüşməyəcək.
Türkiyə hökumətinin rəhbəri sammittdə iştirak edəcəyi haqqında qərarı ötən cümə günü elan edib.
Çərşənbə axşamı Türkiyənin ABŞ-dakı səfiri Namik Tan Ərdoğanın səfəri ərəfəsində Vaşinqtona qayıdıb. Tan qətnamənin qəbulundan bir gün sonra geri çağırılmışdı.