...

Türkiyə XİN başçısı və BMT missiyasının üzvü İsrailin "Azadlıq donanması"na hücumunu müzakirə ediblər

Dünya xəbərləri Materials 24 Avqust 2010 11:08 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və BMT-nin İnsan Haqları Şurasının "Azadlıq donanması" ilə bağlı insidenti araşdıran missiyasının üzvü cənab Desmond de Silva bazar ertəsi Ankarada görüşüblər. Bu barədə Anadolu agentliyi xəbər yayıb.
Türkiyə XİN başçısı və BMT missiyasının üzvü İsrailin "Azadlıq donanması"na hücumunu müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və BMT-nin İnsan Haqları Şurasının "Azadlıq donanması" ilə bağlı insidenti araşdıran missiyasının üzvü cənab Desmond de Silva bazar ertəsi Ankarada görüşüblər. Bu barədə Anadolu agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, Davudoğlu və de Silva görüş zamanı "Azadlıq donanması"ndakı "Mavi Mərmərə" gəmisinə hücumu və sonrakı hadisələri müzakirə ediblər.

Davudoğlu bəyan edib ki, beynəlxalq birliyin bu məsələdə tutduğu mövqe çox böyük önəm kəsb edir. Belə ki, o, insidentin baş verdiyi şəraiti aydınlaşdırmağa kömək edəcək və dünyanın heç bir ölkəsinin beynəlxalq hüquqdan yüksəkdə durmadığını göstərərək, sülhün möhkəmlənməsinə yardım edəcək.

XİN başçısı deyib ki, Türkiyə komissiya ilə tamamilə əməkdaşlıq etməyə hazırdır.

Mayın 31-də İsrail Hərbi-Dəniz Qüvvələri "Azadlıq donanması"nın İsrail hərbçiləri tərəfindən blokadaya alınmış Qəzza sektoruna humanitar yük aparan gəmilərini ələ keçiriblər. İsrail HDQ-nin hücumu nəticəsində, Türkiyənin "Mavi Mərmərə" gəmisindəki doqquz sülhməramlı həlak olub, onlarca adam yaralanıb, yüzlərlə adam həbs edilib. Onlar sonradan ölkədən deportasiya olunublar. Fələstinyönlü fəallarla toqquşmada yeddi israilli "komandos" da yaralanıb.

Bazar günü BMT İnsan Haqları Şurasının yaratdığı "Azadlıq donanması"na hücumla bağlı bütün faktları araşdıran beynəlxalq missiya Türkiyəyə gəlib. Missiyanın tərkibinə Trinidad və Tobaqodan olan hakim Karl Hadson-Filipps, britaniyalı hüquqşünas Desmond de Silva, eləcə də Malayziyadan insan haqları üzrə ekspert Meri Şanti Dayriam daxildirlər. Bu barədə BMT-nin rəsmi saytı məlumat verir.

İnsan Haqları Şurasının yaratdığı missiya ilə yanaşı, BMT-nin Baş katibi donanma ilə bağlı insidentin araşdırılması üzrə beynəlxalq komissiya yaradıb. Komissiyanın sədri Yeni Zelandiyanın keçmiş baş naziri Ceffri Palmer, sədrin müavini isə Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribedir. Eləcə də komissiyaya İsrail və türk diplomatları - Yosef Çexaniver və Özdəm Sanberk daxildirlər.

"Mavi Mərmərə" gəmisinə hücum zamanı zərərçəkmiş türk vətəndaşlarının vəkili Ramazan Arıtyurk bazar ertəsi "Anadolu" agentliyinə müsahibəsində bildirib ki, missiyanın üzvləri reyd zamanı yaralanmış şəxsləri, eləcə də şahidləri dindiriblər.

Arıtyurkun sözlərinə görə, çərşənbə günü və ya cümə axşamı missiya üzvləri donanmanın "Mavi Mərmərə", "Dəfnə Y" və "Qəzza" gəmilərində araşdırma apara bilərlər.

Xəbər lenti

Xəbər lenti