Almaniyanın xarici işlər naziri Gido Vestervelle bazar günü Türkiyədə referendumun nəticəsi olaraq Konstitusiyaya qəbul edilən dəyişiklikləri alqışlayıb. O, həmin dəyişikliklərin ölkəni Avropaya yaxınlaşdırdığını hesab edir. Bu barədə RİA Novosti yazır.
Türkiyə KİV-in məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının təklif etdiyi Konstitusiya dəyişikliklərinə səsvermədə iştirak edənlərin 58 faizi onun lehinə, 41,98 faizi isə əleyhinə səs verib.
Referendumda seçicilərin seçki məntəqələrinə gəlişi 77,55 faiz təşkil edib, onların əksər hissəsi kürd azlığının kompakt yaşadığı rayonların payına düşür.
Türkiyə parlamenti tərəfindən may ayında qəbul edilən Konstitusiya düzəlişləri paketinə qüvvədə olan və 1980-ci ildəki hərbi çevrilişdən sonra qəbul edilən Konstitusiyaya 26 düzəliş daxildir. Onlar məhkəmə sistemində, o cümlədən Konstitusiya Məhkəməsi, hakim və prokurorların Ali Şurasında islahatların keçirilməsini, mülki məhkəmə instansiyalarının hərbçilərə münasibətdə cinayət işinin açılmasını, siyasi partiyaların buraxılması haqqında cinayət işinin açılması üzrə səlahiyyətlərin Apelyasiya Məhkəməsindən parlamentə verilməsini nəzərdə tutur.
Bundan başqa, Konstitusiya dəyişiklikləri ombudsman institutunun tətbiqini də nəzərdə tutur.
"Konstitusiyada islahatlar Türkiyənin Avropaya doğru yolunda mühüm addımdır", - dünən Almaniyanın xarici işlər naziri Gido Vestervelle deyib.
Avropa İttifaqı və Avropa Şurası da referendumun nəticələri ilə bağlı məmnunluqlarını ifadə edərək Türkiyənin Avropa standartlarına yaxınlaşdığını göstəriblər.