İran-Afrika münasibətlərinin gələcəyi var və İran-Afrika ölkələri arasında əməkdaşlığın inkişafında heç bir maneə yoxdur. Bu barədə çərşənbə axşamı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad İran-Afrika sammitinin açılışı zamanı çıxışında bildirib.
"İran və Afrika ölkələrini zəngin mədəniyyət, tarix və uğurlu gələcəyə çatmaq cəhdləri birləşdirir", - Əhmədinejad bəyan edib.
O, həmçinin, qeyd edib ki, İran və Afrika sanksiyalara baxmayaraq inkişafdadır və qarşılıqlı əməkdaşlığın inkişafında "hüdudlar" yoxdur.
Əhmədinejadın sözlərinə görə, İran və Afrika ölkələrinin imkanları bir-birini tamamlayır; Tehran bilik və təcrübələrini bölüşməyə hazırdır.
O, İran-Afrika sammitini münasibətlərin möhkəmlənməsi üçün yaxşı imkan adlandırıb.
İkigünlük İran-Afrika sammiti hazırda Tehranda keçirilir.
Seneqal və Malavi prezidentləri də daxil olmaqla, 40-dan çox Afrika ölkəsindən nümayəndə iclasda iştirak edir. İclasda məqsəd iştirakçı ölkələrin hökumət və özəl sektor nümayəndələrinin siyasi və iqtisadi əlaqələrinin genişləndirilməsidir.