Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranla bağlı sonuncu məruzəsi agentliyin bundan əvvəlki hesabatları ilə müqayisədə müsbət xarakter daşıyır. Bu barədə bazar ertəsi İran Prezidenti Mahmud Əhmədinejad canlı yayımlanan mətbuat konfransında bildirib. Məlumatı IRINN telekanalı yayıb.
"Təəssüf ki, sənəd İranın nüvə proqramının bütün reallığını əks etdirmir. Buna baxmayaraq, İran ilə yaxınlaşmağa doğru addım olan bu məruzəyə görə agentliyə minnətdarlığımızı bildiririk", - Əhmədinejad bildirib.
O həmçinin əlavə edib ki, hesabatda geniş ictimaiyyətə açıqlanması lazım olmayan təfərrüatlar dərc olunub.
BAEA-nin baş direktorunun məruzəsi noyabrın 23-də İdarə Şurasının üzvlərinə göndərilib. Bu, dekabrın 2-3-də bu rəhbər orqanın növbəti sessiyasının keçirilməsi ilə əlaqədardır.
Sənəddə qeyd olunur ki, indiyədək Nətənzdə yanacağın zənginləşdirilməsi qurğusunda ümumilikdə 8426 sentrifuq üçün hesablanmış 54 kaskad quraşdırılıb. 2007-ci ildən orada istehsal olunan az zənginləşdirilmiş uranın ümumi həcmi bu il oktyabrın sonlarında 3183 kiloqrama çatıb. Eyni zamanda, Nətənzdəki yanacağın zənginləşdirilməsi üzrə sınaq qurğusunda az zənginləşdirilmiş uranın 20 faziədək zənginləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Texnoloji prosesin əvvəlindən, daha doğrusu, 2010-cu ilin fevralından İran ümumilkdə 19,89 faizədək zənginləşdirilmiş 33 kiloqram uran istehsal edib.
Bundan əlavə, sənəddə göstərilir ki, İran Qum şəhərinin yaxınlığında yerləşən Forduda yanacağın zənginləşdirilməsi üzrə qurğunun inşasını davam etdirir və bu yaxınlarda "yeni nüvə zənginləşdirmə qurğusu üçün yer seçdiyini" və "bu qurğulardan birinin tikintisinə təxminən 2011-ci ilin martında başlayacağını" elan edib. Lakin Tehran indiyədək agentliyə "BAEA ilə zəmanətlər haqqında sazişə uyğun olaraq konstruksiyalar və istifadə, eləcə də ona edilən əlavələr haqqında zəruri məlumat təqdim etməyib".
İran analoji şəkildə BAEA-nin İdarə Şurası və BMT TŞ-nin qətnamələrinin əleyhinə olaraq Ərakda ağır su reaktorunun tikintisini və ağır su ilə bağlı işləri də davam etdirir.