XİN rəhbəri Mənuçöhr Müttəkinin istefasından sonra İran nüvə siyasətini dəyişməyəcək. Bu barədə çərşənbə axşamı XİN nümayəndəsi Ramin Mehmanpərəst bildirib. Məlumatı "IribNews" telekanalının rəsmi saytı yayıb.
O, əlavə edib ki, İranın Xarici İşlər Nazirliyinin rəhbərinin dəyişdirilməsinə baxmayaraq, "altılıq"la danışıqlar yalnız Qərb ölkələri tərəfindən təzyiqin olmayacağı, eləcə də Cenevrədə əldə olunan razılaşmalara əməl olunacağı halda keçirilə bilər.
Bazar ertəsi İran Prezidenti Mahmud Əhmədinejadın sərəncamı ilə ölkənin xarici işlər naziri Mənüçöhr Müttəki vəzifəsindən çıxarılıb. İranın Atom Enerjisi Təşkilatına başçılıq edən Əli Əkbər Salehi XİN rəhbərinin səlahiyyətlərinin icraçısı təyin edilib.
Müttəki demək olar, yeddi il xarici siyasət idarəsi başçısının səlahiyyətlərini icra edib. O, bu vəzifəyə Əhmədinejadın birinci prezidentliyi dövründə təyin edilmişdi.