Türkiyə İranın nüvə proqramı üzrə vasitəçi olmağa deyil, "altlıq" ölkələrini və İranı ev sahibi ölkəsi kimi qəbul etməyə hazırdır. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Məlumatı "Cihan" informasiya agentliyi yayıb.
Onun sözlərinə görə, Türkiyənin vasitəçiliyi və onun Tehran Bəyannaməsində iştirakı Beynəlxalq Atom Enerjisi Agentliyinin təklifi ilə baş tutub.
"Lakin bu dəfə Ankaradan öz ərazisində danışıqlarda iştirak edən tərəfləri qəbul etmək tələb olunub ki, Türkiyə bunu etməyi planlaşdırır", - Davudoğlu qeyd edib.
Onun sözlərinə görə, əgər tərəflər istəsələr, Türkiyə vasitəçi kimi də çıxış etməyə hazırdır.
Dekabrın 6-7-də Cenevrədə İranın nüvə proqramı ilə bağlı İran və "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) arasında danışıqların növbəti mərhələsi başa çatıb. Danışıqlar prosesinin yekunları üzrə müzakirələrin yanvarın sonunda İstanbulda davam etdirilməsi qərara alınıb.
İran, Türkiyə və Braziliya arasında uran mübadiləsi barədə üçtərəfli danışıqlar mayın 17-də əldə olunub. Bu ölkələrin xarici işlər nazirləri Tehran elmi-tədqiqat reaktoru üçün İranın az zənginləşdirilmiş uranın yüksək zənginləşdirilmiş yanacaqla mübadiləsi üzrə Tehran Bəyannaməsini imzalayıblar. Sənədə əsasən, mübadilə Türkiyə ərazisində həyata keçirilməli idi.