...

Əhmədinejad hökumətində ikinci "saxta diplom" qalmaqalı

Dünya xəbərləri Materials 17 Yanvar 2011 18:16 (UTC +04:00)
İranın Elm Nazirliyi ölkə Prezidenti Mahmud Əhmədinejadın birinci müavini Məhəmmədrza Rəhiminin diplomunun saxta olub-olmadığını araşdıracaq.
Əhmədinejad hökumətində ikinci "saxta diplom" qalmaqalı

İranın Elm Nazirliyi ölkə Prezidenti Mahmud Əhmədinejadın birinci müavini Məhəmmədrza Rəhiminin diplomunun saxta olub-olmadığını araşdıracaq. Bunu İran parlamentinin Təhsil və araşdırmalar komissiyasının üzvü Kazim Musəvi deyib. Məlumatı MEHR xəbər agentliyi yayıb.

Musəvi əlavə edib ki, diplomun saxta olub-olmadığını araşdırmaq iki həftə çəkəcək və daha sonra nəticə parlamentin Təhsil və araşdırmalar komissiyasına təqdim olunacaq.

İran KİV-in məlumatına əsasən, İran parlamentinin nümayəndəsi İlyas Naderan Məhəmmədrza Rəhiminin diplomunun saxta olması iddiası ilə çıxış edib və bu məsələnin Elm Nazirliyində araşdırılmasını tələb edib.

Musəvi əlavə edib ki, vitse-prezidentin diplomunun düzgünlüyünün araşdırılması ilə bağlı bu gün parlamentin Təhsil və araşdırmalar komissiyasının iclasında qərar verilib.

Əhmədinejadın ötən prezidentliyi dövründə sabiq daxili işlər naziri Əli Kordanın parlamentə hesabat üçün çağırılması ən qalmaqallı impiçment olmuşdu. Onun fəxri diplomunun saxta olması parlament nümayəndələrinin etirazına səbəb olmuş və o, nazir vəzifəsindən uzaqlaşdırılmışdı.

Bundan başqa Əhmədinejad ötən prezidentlik dövründə Nazirlər Kabinetinin səlahiyyətlərinin yenidən baxılması təhlükəsi ilə üzləşib. Xüsusilə, prezidentlik dövrünün sonlarında kabinetdə baş vermiş dəyişikliklər, istefalar və impiçmentlər nəticəsində bu təhlükə daha çox nəzərəçarpan idi. Ötən prezidentlik dövründə Əhmədinejad tərəfindən istefaya göndərilən və könüllü olaraq istefa verən nazirlərin sayı 8 olub. Bir nazir isə vəfat etdiyi üçün başqası ilə əvəzlənmişdi.

2010-cu il dekabrın 20-də İranın baş prokuroru, ölkənin Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Əjeyi də vitse-prezident Məhəmmədrza Rəhimini vəzifəsindən sui-istifadə etməkdə, dövlət əmlakını mənimsəməkdə, dövlətə maddi ziyan vurmaqda günahlandırmışdı. "Rəhimi barəsində irəli sürülən ittihamlara cavab verməlidir. İran Məhkəmə Sistemi hər hansı ayrı-seçkiliyə yol vermədən, başqalarına qarşı olan ittihamları ciddi araşdırdığı kimi rəsmilərə qarşı irəli sürülən ittihamlara da obyektiv baxmaq niyyətindədir", - Əjeyi demişdi.

Xəbər lenti

Xəbər lenti