...

İstanbulda İranın uranın zəngiləşdirilməsi proqramı müzakirə olunmayıb - İran rəsmisi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 21 Yanvar 2011 18:21 (UTC +04:00)
İstanbulda aparılan danışıqlarda İranın uranın zənginləşdirilməsi proqramı və ölkənin nüvə texnologiyasını əldə etmək hüququ müzakirə predmeti deyil.
İstanbulda İranın uranın zəngiləşdirilməsi proqramı müzakirə olunmayıb - İran rəsmisi (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:45-də yayımlanıb)

İstanbulda aparılan danışıqlarda İranın uranın zənginləşdirilməsi proqramı və ölkənin nüvə texnologiyasını əldə etmək hüququ müzakirə predmeti deyil. Bu sözləri İran İslam Respublikası Milli Təhlükəsizlik Şurası katibinin mətbuat məsələləri üzrə müavini Əbülfəzl Zöhrəvənd deyib. Bu barədə Trend İranın IRNA xəbər agentliyinə istinadən məlumat verir.

İranın nüvə proqramı ilə bağlı "altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya) və İran arasında danışıqların növbəti raundu 14 aylıq fasilədən sonra 2010-cu ilin dekabrında Cenevrədə keçirildi. Danışıqların növbəti raundunun 2011-ci il yanvarın 21-də İstanbulda keçirilməsi razılaşdırıldı. Danışıqlar cümə günü səhər İstanbulda başlayıb. İranla danışıqlarda "altılıq" ölkələrinin nümayəndələri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iştirak edir. Danışıqların ilk günündə müzakirələr başa çatıb. Tərəflərin danışıqları sabah davam etdirəcəkləri planlaşdırılır.

İran və "altılıq" nümayəndələrinin İstanbulda keçirilən iclasında iştirak edən Zöhrəvənd görüşün müsbət atmosferdə keçdiyini vurğulayıb. "Müzakirələr müsbət atmosferdə keçirildi və sabah axşama kimi davam edəcək", - o deyib.

"Biz köhnə və keçmişdə olan mövzular haqqında müzakirə aparmırıq. Hamı bilir ki, təzyiqlər daha effektiv deyil. Köhnə mövqeləri təkrarlamaq və təzyiq əks nəticə verəcək və onlar bilməlidir ki, İran xalqının mövqeyi dəyişməzdir", - o deyib.

ABŞ və digər Qərb ölkələri İranı dinc nüvə proqramı adı altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edirlər. Tehran nüvə proqramının yalnız dinc xarakter daşıdığını bəyan edərək bütün ittihamları rədd edir. Bu günə qədər BMT-nin Təhlükəsizlik Şurası tərəfindən İranın nüvə proqramını dayandırmaq üçün altı qətmanə qəbul olunub, onlardan dördü İrana qarşı iqtisadi və siyasi sanksiyanı nəzərdə tutur, iki qətnamə isə xəbərdarlıq xarakteri daşıyır. BMT TŞ-nin 2010-cu il 9 iyun tarixli 1929 saylı qətnaməsindən sonra ABŞ Konqresi iyunun 24-də İrana qarşı birtərəfli sanksiyalar tətbiq etmək layihəsini tədiqləyib. İndiyədək Avropa İttifaqı, Yaponiya, Koreya Respublikası, Hindistan və Avstraliya da İrana qarşı ABŞ-ın birtərəfli iqtisadi sanksiyalarına qoşulub.

Xəbər lenti

Xəbər lenti