...

Liviya hökuməti nümayişçilərə qarşı hələ ki güc tətbiq etməyib - Müəmmər əl-Qəzzafi

Dünya xəbərləri Materials 22 Fevral 2011 22:13 (UTC +04:00)

Liviya inqilabının lideri Müəmmər əl-Qəzzafi ölkəni tərk etməyəcəyini bəyan edib. Trend-in məlumatına görə bu barədə əl-Qəzzafi çərşənbə axşamı dövlət televiziyası ilə canlı yayınlanan çıxışı zamanı bildirib. Məlumatı Euronews kanalı yayıb.

"Müəmmər əl-Qəzzafi istefa etmək üçün hər hansı bir vəzifəyə sahib deyil. O prezident deyil ki, istefa etsin. O, inqilabının lideridir və o, bu torpaqda şəhid olacaq", əl-Qəzzafi çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Liviya hökuməti nümayişçilərə qarşı hələ ki güc tətbiq etməyib.

"Biz güc tətbiq etməmişik. Lakin Liviya qanunlarına və beynəlxalq hüquq normalarına uyğun olaraq biz bunu edə bilərik. Hazırda ölkədə baş verənlər dinc aksiyalar deyil, bu silahlı qiyamdır. Bütün dünyada qiyamlar güc ilə yatırılır", o deyib.

Liviya lideri ölkə vətəndaşlarını sabitliyi qorumaq üçün onun tərəfdarları ilə birləşməyə çağırıb və vurğulayıb ki, "sabahdan ölkədə yeni həyat başlayacaq".

Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər əl-Qəzzafinin istefası ilə bağlı aksiyalar fevralın 15-dən davam edir. Hüquq müdafiəsi təşkilatı "Human Rights Watch"un məlumatına görə, bu günlər ərzində nümayişçilərin qanun keşikçiləri ilə toqquşmaları nəticəsində azı 233 nəfər həlak olub. Rəsmi hakimiyyət 84 nəfərin həlak olmasını təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti