Bəzi İran rəsmiləri və deputatlarının Səudiyyə Ərəbistanı və Bəhreynin Tehrandakı səfirliklərinin bağlanması təklifi ilə çıxış etməsinə baxmayaraq, İranın xarici işlər naziri Əli Əkbər Salehi bununla razı olmadığını bildirib. Bu barədə Trend İranın "Həmşəhri" ("Hamshahri") qəzetinə istinadən məlumat verir.
Bəhreyndə hökumətə qarşı mitinqlər başladıqdan sonra Bəhreyn rəsmiləri Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrdən mitinq iştirakçıları ilə mübarizə aparmaq məqsədilə əlavə qüvvələr göndərməyi xahiş edib. Bundan sonra bir neçə ölkə, o cümlədən Səudiyyə Ərəbistanı Bəhreynə yüzlərlə hərbçi göndərib. Bir çox ərəb ölkələri əhalisinin əksəriyyətinin şiə olduğu Bəhreyndə baş verən hadisələrdə İranın müdaxiləsi olduğunu bildirirlər. İran isə Səudiyyə Ərəbistanını Bəhreynin daxili işlərinə müdaxilədə günahlandırır. Bu məsələ İran ilə Bəhreyn və Səudiyyə Ərəbistan arasında diplomatik əlaqələrdə gərginliyə səbəb olub.
İranda bəzi deputatlar və nüfuzlu rəsmilər bu ölkələrlə diplomatik əlaqələrin kəsilməsini istəyirlər.
"Səudiyyə Ərəbistanı və Bəhreynin Tehrandakı səfirliklərinin bağlanması ilə iş düzəlməyəcək. Səfirliklərin bağlanması məsələnin köklü həllinə gətirib çıxarmayacaq", - Salehi deyib.
Salehi əlavə edib ki, bu iki ölkə ilə diplomatik münasibətləri qoruyub saxlamaq lazımdır. "Problem yaranıbsa həmin problemi həll etmək lazımdır, səfirliklərin bağlanması məsələnin həllinə kömək etməyəcək", - Salehi deyib.