...

İsrailin hərbi attaşesi Türkiyəni tərk etməyəcək - Müdafiə Nazirliyi

Dünya xəbərləri Materials 6 Sentyabr 2011 17:39 (UTC +04:00)
İsrail Müdafiə Nazirliyinin Analitik-İnformasiya İdarəsinin rəhbəri Amos Gilad bəyan edib ki, İsrail-Türkiyə münasibətlərinin gərginləşməsinə baxmayaraq, İsrailin hərbi attaşesi Türkiyəni tərk etməyəcək.
İsrailin hərbi attaşesi Türkiyəni tərk etməyəcək - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

İsrail Müdafiə Nazirliyinin Analitik-İnformasiya İdarəsinin rəhbəri Amos Gilad bəyan edib ki, İsrail-Türkiyə münasibətlərinin gərginləşməsinə baxmayaraq, İsrailin hərbi attaşesi Türkiyəni tərk etməyəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Anadolu" agentliyi xəbər verib.

Sentyabrın 2-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər ikinci dərəcəli səviyyəyə keçib. Bundan əlavə, Ankara Təl-Əvivlə hərbi əməkdaşlığı dayandırıb.

Nazir deyib ki, Ankara öz səfirini Təl-Əvivdən geri çağırıb. Davudoğlu onu da bildirib ki, İsrail Türkiyədən üzr istəməyincə, Təl-Əvivlə Ankara arasında münasibətlər bərpa olunmayacaq.

Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını elan edib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib.

Ötən ilin dekabrında Türkiyənin İsrailə 41 nəfərin həyatına son qoyan və ölkə tarixində ən iri meşə yanğınları ilə mübarizə aparmaq üçün iki təyyarə göndərməsi zamanı ikitərəfli münasibətlərin bərpa olunacağına ümid yaranmışdı. Lakin az sonra Türkiyənin rəsmi şəxsləri bəyan etmişdi ki, Ankara İsraillə münasibətləri yalnız onun rəsmən üzr istəməsindən sonra bərpa edəcək. Təl-Əviv isə buna rədd cavabı vermişdi.

Xəbər lenti

Xəbər lenti