Azərbaycan, Bakı, 24 dekabr/Trend müxbir T. Cəfərov/
Bu gün İranda deputatlığa namizədlərin qeydiyyata alınması başlayıb. Bu barədə şənbə günü Trend İLNA-ya istinadən məlumat verir.
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nacar deyib ki, İranın vilayətlərində 31, bölgələrdə isə 207 qeydiyyat mərkəzi fəaliyyət göstərir.
Onun sözlərinə görə, qeydiyyat mərkəzlərində təxminən 750 min insan işləyir.
Namizədlərin qeydiyyata alınmasının 7 gün ərzində keçirilməsi və dekabrın 30-da başa çatdırılması planlaşdırılır.
İranda parlament seçkiləri 4 ildən bir keçirilir. Doqquzuncu çağırış parlamentinə növbəti seçkilər 2012-ci ilin martın 2-də baş tutacaq. İran parlamenti 209 deputatdan təşkil olunub. Parlamentdə qarşıdakı parlament seçkilərində deputatların daha 10 nəfər artırılması haqqında məsələ müzakirə edilir.
İran KİV-inin məlumatına görə, ölkədə 206 partiya qeydiyyata alınıb, onların bir hissəsi müxtəlif cəmiyyət, hərəkat və digər strukturu qismində fəaliyyət göstərir. Onlardan cəmi 60 faizi fəaliyyət göstərir.
İranın siyasi spektri faktiki olaraq, 3 düşərgədən ibarətdir-islahatçılar, mühafizəkarlar və hakim İran ruhanilərinin həm mühafizəkar, həm də islahatçılar qanadının mötədil tərəfdarları.
Düşərgədə 47 islahatçı, 35 mühafizəkar, 25 mötədil partiya fəaliyyət göstərir.
Son vaxtlar hakim mühafizəkar düşərgənin bəzi nümayəndələri 2009-cu ildəki prezident seçkilərindən sonra yaranan narazılıqlarla bağlı islahatçıların qarşıdakı parlament seçkilərində iştirakı üçün lazımi şəraitin yaradılması haqqında danışmağa başlayıblar.