Azərbaycan, Bakı, 22 yanvar /Trend/
ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri, konqresmen Bill Şuster Azərbaycanda 1990-cı ilin Qanlı Yanvarla bağlı bəyanatla çıxış edib. Bu barədə Trend-ə Azərbaycan-Amerika Şurasının sədri Cavid Hüseynov xəbər verib.
"Azərbaycan üzrə işçi qrupunun həmsədri kimi Qanlı Yanvar faciəsi günündə azərbaycanlıların hüznünə şərik çıxıram", - konqressmen bildirib.
O qeyd edib ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə ağır zirehli texnika ilə silahlanmış təxminən 26 min nəfərlik Sovet ordusu Azərbaycanın paytaxtı Bakı şəhərinə hücum edib və həmin gecə günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıq göstərib, qadın, uşaqlarda daxil olmaqla dinc nümayişçilərə qaşı odlu silahlardan atəş açıb. Azərbaycan mənbələrinin məlumatına görə bu vəhşilik nəticəsinə 131 nəfər həlak olub, 611 nəfər yaralanıb, 841 nəfər həbs olunub və 5 nəfər itkin düşüb.
The Human Rights Watch beynəlxalq təşkilatı öz hesabatında bildirib ki, 20 yanvar faciəsi onu göstərib ki, Bakıya qoşun yeridilməsi zamanı insan hüquqlarının ən dəhşətli surətdə pozulması, tibbi işçiləri, təcili yardım briqadası və hətta xəstəxanalar atəşə tutulub.
Hadisədə həlak olmuş insanların xatirəsini yad etmək məqsədi ilə hər il Yanvar ayının 20-də minlərlə insan Bakıda Şəhidlər Xiyabanına axın edir və bu onu göstərir ki, Qanlı Yanvar qurbanları öz canlarından boşuna keçməyiblər.
Qanlı Yanvar faciəsi zamanı törədilən vəhşiliklər Azərbaycan xalqının ruhunun məhv etmədi, əksinə ölkədə qalxan azadlıq hərəkatını daha da möhkəmlətdi və Azərbaycan xalqını azadlıq uğrunda mübarizədə birləşdirdi.
Şusterin sözlərinə görə, bu gün Azərbaycan Amerika Birləşmiş Ştatlarının strateji müttəfiqidir və diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd etməyə hazırlaşır.
"Göstərdiyi dostluğa görə Azərbaycan xalqına minnətdarlığımı bildirməkdən şərəf hissi duyuram və Azərbaycanın azadlığı uğurunda öz canından keçmiş insanların ailələrinə başsağlığı verirəm", - bəyanatda deyilir.