...

Ermənistan Bakıda keçiriləcək "Eurovision"da iştirakdan imtina etdiyinə görə cəzalandırılıb

Dünya xəbərləri Materials 2 May 2012 23:51 (UTC +04:00)
Avropa Yayım Birliyi (AYB) Ermənistanı bu ayın sonunda Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirakdan imtina etdiyinə görə cəzalandırıb.
Ermənistan Bakıda keçiriləcək "Eurovision"da iştirakdan imtina etdiyinə görə cəzalandırılıb

Azərbaycan, Bakı, 2 may /Trend/

Avropa Yayım Birliyi (AYB) Ermənistanı bu ayın sonunda Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində iştirakdan imtina etdiyinə görə cəzalandırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü İTAR-TASS agentliyinə qurumun Cenevrədə yerləşən KİV-lə iş şöbəsinin rəhbəri Annika Niberq-Frankenxauzer bildirib.

Onun sözlərinə görə, bu qərar AYB Televiziya komitəsi və referent qrupu tərəfindən işin öyrənilməsindən sonra verilib.

Qərara görə, Ermənistan müsabiqədə iştirak üçün nəzərdə tutulan məbləği, həmçinin cərimə kimi həmin məbləğin 50 faizini ödəməlidir. Bundan başqa, Ermənistan İctimai Televiziyası müsabiqənin finalını "əvvəldən axıra və fasiləsiz" yayımlamalıdır, əks halda ölkə 2013-cü ildə AYB tərəfindən keçiriləcək "Eurovision" yarışmasında iştirak hüququndan məhrum ediləcək.

Niberq-Frankenxauzer bildirib ki, qərar qəbul edilərkən Ermənistanın Bakıya müğənni göndərməməsi üçün gətirdiyi səbəblər nəzərə alınmayıb. "Reqlament mövcuddur və müəyyən müddətdən sonra iştirakdan imtina edən ölkə öz qərarını dəyişə bilməz", - o deyib və qeyd edib ki, Ermənistan son tarix keçəndən sonra öz iştirakından imtina barədə məlumat verib.

Fevralın 24-də bir qrup erməni estrada müğənnisi "Eurovision" müsabiqəsində iştirakdan imtina etdiklərini bəyan ediblər. AYB baş direktoru İnqtid Deltonre bu gün keçirilən mətbuat konfransında bildirib ki, Ermənistanın bu addımı Birliyin qaydalarına uyğun gəlmir.

Xəbər lenti

Xəbər lenti