Azərbaycan, Bakı, 21 may / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /
İran mayın 23-də İsfahanda irimiqyaslı hərbi təlimlər keçirəcək. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
Mayın 23-ü İranda Xorrəmşəhrin azad olunması günü kimi qeyd olunur.
İran-İraq müharibəsi zamanı (1980-1988-ci illər) iki ölkənin sərhədində yerləşən bu şəhər İraq silahlı qüvvələri tərəfindən ələ keçirilmişdi. Xorrəmşəhr uğrunda döyüş müharibənin gedişində ilk ən iri toqquşma oldu.
1982-ci ilin yazında İran qoşunları Beyt-əlk-Müqəddəş əməliyyatına başladılar. Nəticədə Xuzistan vilayəti azad edildi. Xorrəmşəhr mayın 23-də iki günlük qanlı döyüşlərdən sonra azad olundu və 19 min İraq əsgəri və zabiti əsir götürüldü.
İranın quru qoşunlarının komandanı Əhməd Rza Purdastan başlanan manevrlərdə quru qoşunlarının bütün hissələrinin iştirak edəcəklərini qeyd edib.