Azərbaycan, Bakı, 28 iyul /Trend/
Türkiyə Xarici İşlər Nazirliyi Somalidə türk səfirliyinin əməkdaşları yaşayan binaya hücumu pisləyib. Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Hücum nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb. Yaralanlar sonrakı müalicə üçün Türkiyəyə göndəriləcəklər.
Baş vermiş hadisəyə baxmayaraq, Türkiyə Somali xalqının yanında qalmağa və ona köməklik göstərməyə davam edəcək, nazirliyin məlumatında deyilir.
Somalinin paytaxtı Moqadişoda partlayıcı maddə ilə dolu avtomobil Türkiyə səfirliyinin əməkdaşları yaşayan binanın qapılarını yarıb.
Yerli polisin bildirdiyinə görə, partlayıcı maddə ilə dolu avtomobilin hədəfi türk səfirliyinin əməkdaşları yaşayan bina olub.