Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir E. Tariverdiyeva/
Böyük Britaniya İranla diplomatik münasibətlərin bərpa edilməsində maraqlıdırsa, ilk addımı rəsmi London atmalıdır. Trend-in bazar ertəsi "Fars News" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, rəsmi London Tehranla münasibətlərdə yeni yanaşma tətbiq etməlidir.
Əraqçi qeyd edib ki, avqustun 4-də İran Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində 55 əcnəbi nümayəndə heyətinin iştirak etməsi ölkənin təcrid vəziyyətində olmadığını, beynəlxalq aləmdə etimadının olduğunu sübut edir.
XİN nümayəndəsi deyib: "Son bir neçə il ərzində İranın xarici siyasətinin uğursuz olduğunu demək ədalətsizlikdir".