...

Böyük sonluq üçün yeni başlanğıc

Dünya xəbərləri Materials 30 Sentyabr 2013 14:27 (UTC +04:00)
İran və Amerika Birləşmiş Ştatları prezidentlərinin 34 illik fasilədən sonra ilk dəfə olaraq birbaşa telefon danışığını iki ölkənin münasibətlərində yeni başlanğıc kimi görmək olar.
Böyük sonluq üçün yeni başlanğıc

Təmkin Cəfərov - Trend-in icmalçısı

İran və Amerika Birləşmiş Ştatları prezidentlərinin 34 illik fasilədən sonra ilk dəfə olaraq birbaşa telefon danışığını iki ölkənin münasibətlərində yeni başlanğıc kimi görmək olar.
İranın nüvə proqramı ilə bağlı məsələ bu gün ölkənin xarici siyasətində ən mürəkkəb məsələlərdən biridir ki, həm bu ölkəni, həm də digər beynəlxalq tərəfləri özünə cəlb edib. İranın regionda və beynəlxalq aləmdə aparıcı güclərdən olmasını, eləcə də Qərb ölkələri ilə İran arasında bundan əvvəlki gərginliyi nəzərə alaraq, hər iki tərəf məsələnin dinc və "uduş-uduş" prinsipi ilə həllinin tərəfdarıdır. Buna görə də tərəflər gərginliyi azaldaraq problemi həll etməyə çalışırlar.

İranın nüvə probleminin həlli üçün müzakirələr təyin olunmuş bir vaxt çərçivəsində tədricən irəli aparılmalıdır. Nyu-Yorka səfəri zamanı bu məsələyə toxunan İran Prezidenti Həsən Ruhaninin dediyi kimi, müzakirələr 3 və ya 6 aylıq bir zaman çərçivəsində aparılmalıdır.

İran-ABŞ münasibətlərindəki gərginlik ilk dəfə məhz nüvə proqramı məsələsi ətrafında yaranmasa da, hazırda iki ölkə arasında münasibətlərin ən gərgin nöqtəyə çatmasının səbəblərindən biri də elə İranın nüvə proqramı məsələsi ilə bağlı söhbətlərdir.

İran söz verib ki, nüvə proqramında şəffaflıq yaradacaq və bəzi məlumatlara görə, bu şəffaflıq məsələn, Qum şəhəri yaxınlığında tikilməkdə olan Fordo stansiyasını Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) tam nəzarətinə keçirilməsidir. Bundan başqa, ABŞ ilk dəfə olaraq, İranın uran zənginləşdirmə planını rəsmiyyətə tanıyacaq. Necə ki, ABŞ-ın dövlət katibi Con Kerri də bunu təsdiqləyib. Lakin iki ölkənin münasibətləri ilə bağlı indiki və bundan əvvəlki vəziyyət arasında müqayisə aparsaq görərik ki, tərəflərin danışıqlarının predmeti və mahiyyətində əsaslı bir dəyişiklik baş verməyib, dəyişiklik yalnız onların bu sözləri hansı şəraitdə bəyan etdikləri ab-havadadır.

H.Ruhani öz çıxışlarında İslam İnqilabının prinsiplərini bəyan edir. Bu prinsiplər bundan əvvəl də bəyan edilirdi, lakin bu dəfə daha mülayim siyasətlə bəyan olunur. Eləcə də ABŞ İranın nüvə proqramının sülhyönlü olmasına hələ də şübhə ilə yanaşır və sanksiyaların yalnız bu proqramın sülhyönlü olmasından əminlik hasil olduqdan sonra ləğv olunacağını bəyan edir. Yalnız bu dəfə ABŞ münasibətlərin bərpa olunmasında daha ciddi olduğunu qeyd edir. Belə ki, Prezident B.Obama ABŞ-ın dövlət katibi Con Kerrini müzakirələrin aparılmasına məsul şəxs kimi seçib.

Görünən odur ki, dəyişən yalnız ABŞ və İran arasında bir növ siyasi müvazinətin yaranması və tərəflərin gücünün hardasa balanslaşmasıdır. Misal üçün, Suriyada baş verən hadisələri İran və ABŞ-ın güc nümayişinin bir nümunəsi kimi görmək olar. Düzdür, Bəşşar Əsəd rejiminin indiyədək devrilməməsində Rusiya və Çin amilinin rol oynadığı danılmaz faktdır. Lakin İran bu munaqişəyə dolayısı olaraq birbaşa müdaxiləsi ilə ABŞ və müttəfiqlərinin istəyinin əksinə olaraq, Suriya rejimini 2 il yarımdan artıqdır dəstəkləyir və demək olar ki, Bəşşar Əsəd rejiminin devrilməsinin qarşısını alıb. Bundan başqa, artıq İranın nüvə texnologiyasını əldə etmiş bir ölkə kimi tanınması və hüquqlarının Qərb ölkələri tərəfindən qəbulu labüddür. Ona görə ki, ötən 10 il ərzində ABŞ-ın İraqa hücumu, İsrail və Fələstin münaqişəsi, İranın İraqın yeni hökumətini dəstəkləməsi, Əfqanıstanda sülh prosesi, Qəzzada baş verən proseslər kimi məsələlər İranın bölgədə aparıcı güc olduğuna nümunədir.

Yuxarıda deyilənləri nəzərə alaraq, ABŞ və müttəfiqləri bu qənaətə gəliblər ki, sanksiyalar İrana təzyiqlər və narahatlıqlar yaratsa da, öldürücü zərbə endirə bilmir. Ola bilsin ki, Qərb ölkələri İranı səhnədən uzaqlaşdırmaqdansa ona bölgədəki nüfuzlu ölkələrdən biri kimi oyun qaydalarına uyğun olaraq oynamasına şərait yaratmaq qərarına gəliblər.

İran və ABŞ prezidentlərinin 15 dəqiqəlik telefon danışığı iki ölkə arasında "buzların əriməsi" üçün başlanğıc ola bilər. Bununla da İran və Qərb ölkələri, xüsusilə də ABŞ arasında mürəkkəb bir məsələyə çevrilən nüvə proqramının və digər problemlərin həlli üçün yeni bir səhifə açıla bilər. Elə bir səhifə ki, o, böyük sonluq üçün böyük başlanğıc kimi dəyərləndirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti