...

Orxan Zeynalov Biryulevoda cinayət yerində olmadığını bəyan edib

Dünya xəbərləri Materials 18 Oktyabr 2013 21:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Moskvanın Biryulevo rayonunda gəncin qətlində təqsirləndirilən Orxan Zeynalov dindirmə zamanı günahını etiraf etməyib və bildirib ki, hətta hadisə yerində olmayıb. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

"İstintaqın məlumatına görə, Zeynalov, ona qarşı irəli sürülmüş ittihamları təkzib edib, əgər əvvəllər o, şübhəli şəxs qismində dindirilmə zamanı istintaqa bildirib ki, məhz o, 2013-ci ilin oktyabrın 9-dən 10-nə keçən gecə Vostryakov döngəsində Yeqor Şerbakova bıçaqla zərbə yetirib, bu gün isə bildirib ki, ümumiyyətlə cinayətin törədildiyi yerdə olmayıb və qətl törətməyib", - Markin qeyd edib.

Xatırladaq ki, Moskvanın Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusitəyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin, Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.

Xəbər lenti

Xəbər lenti