Azərbaycan, Bakı, 21 mart /Trend/
Rusiya və Ukraynanın daha 12 vətəndaşı Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilib, o cümlədən baş nazirin müavini Dmitri Roqozin, Rusiya prezidentinin müşaviri Sergey Qlazyev, Federasiya Şurasının sədri Valentina Matviyenko. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Aİ-nin rəsmi jurnalı məlumat verir.
Bundan başqa, siyahıda Dövlət Dumasının spikeri Sergey Narışkin, deputat Yelena Mizulina, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov və "Rusiya Bu Gün" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyovun adları hallanır.
Bir müddət əvvəl RF XİN bəyan edib ki, Rusiya ilə sanksiya dilində danışmaq yersiz və qeyri-səmərəlidir. Rusiya xarici işlər naziri Sergey Lavrov ümid edib ki, Qərb sanksiya vasitəsi ilə təzyiqin göstərilməsinin perspektivsiz olmasını tədricən anlamağa başlayacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə əsasən, belə siyahıların mövcudluğu Rusiya üçün qətiyyən qəbul edilməzdir.